
Omega saatı Aya enməsinin 40 illiyini qeyd edir. Bu barədə Omega şirkətinin regional satış meneceri Jens Rempp Bakıya səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirdi.
1969-cu ildə “Apollon 11” ay modulunun amerikalı astronavtı Bazz Oldrin ilk dəfə Aya ayaq basıb. Onun qolundakı saat isə OMEGA Speedmaster idi. Bu sınaq Omega saat şirkətinə Speedmaster saatlarının birinci seriyasının “dünyada ilk dəfə Ayda olmuş” kimi istehsalına təkan verib.
J. Rempp bildirdi ki, OMEGA, Aya enməsinin 40 illiyini poladdan (7 969 ədəd) həmçinin ağ və sarı qızıldan (69 ədəd) məhdud sayda istehsal edilən yeni saatların hazırlanması ilə qeyd edir.
OMEGA elmdə, istehsalatda və idmanda istifadə edilməsi üçün işlənilmiş xronoqraf möhkəmlik, təzyiq, qızma, donma, sukeçirməzlik, korroziya, zərbəyə davamlılıq və vakuuma qarşı bütün sınaqlardan müvəffəqiyətlə keçib və 1965-ci ildə NASA tərəfindən “idarə olunan kosmik uçuşlar üçün sertifikatlaşdırılmış” yeganə saat kimi tanınıb.
Açıq kosmos şəraitində bu saatlar çox sərt sınaqlara məruz qalırlar. Cazibə qüvvəsi olmadığı halda təzyiq arasındakı fərq şüşənin deformasiyasına gətirib çixara bilər. Bunun qarşısını almaq məqsədlə Speedmaster xronoqrafının şüşəsi artıq təzyiqə dözə biləcək halqa ilə bərkidilib. Saatın daxili təzyiqinin həmişə eyni qalması zəruridir ki, əks halda saatın qüsursuz işləməsini təmin edən sürtkü yağı bütün korpus boyu dağılıb yayıla bilər. Vakuum halında saat öz işləmə tempini daha da artırır, buna görə də balans tənzimləyicisi ciddi dövriliklə işləməyə də bilər. Korpusun qalın və kifayət qədər elastik şüşəsi kosmik uçuş zamanı saat mexanizmini hərarətin tez-tez dəyişməsindən qoruyur.
Omega Speedmaster saatlarından ümumi sayda 118 dəfə kosmik uçuşda, 2 dəfə coğrafi ekspedisiyada və çoxsaylı tədqiqatlarda istifadə olunub. 1970-ci ildə “Apollon 13” modulunun bütün elektron cihazları sıradan çıxanda məhz Speedmaster xronoqrafı hesablamanı saniyə dəqiqliyinə qədər apardı. 1975-ci ildə SSRİ-nin “Soyuz” və ABŞ-ın “Apollon” kosmik gəmilərinin qarşılaşması vaxtını bu saat vasitəsilə tutuşdurdular. Bu qədər nailiyyətləri nəzərə alaraq 2009-cu ildə Speedmaster-in cəmi 50 yaşını qeyd etməsi bir qədər inanılmaz gəlir. Lakin uğurlar bununla bitmir: belə ki, 2011-ci ildə günəş enerjisindən istifadə edən təyyarə ilə Yer kürəsi ətrafında dövr-aləm uçuşu etmək məqsədi olan Solar İmpulse layihəsində də bu saat iştirak edəcək.
İndi isə Omega saat şirkəti öz fəaliyyəti ərzində ən çətin sınaq ərəfəsindədir. Şirkət dünyada ilk dəfə 2030-cu il üçün planlaşdırılmış Marsa uçuş zamanı işəyararlı xronoqrafın işlənib hazırlanmasını qarşısına məqsəd qoyub. Qırmızı planetin hava şəraiti olduqca ekstremaldır, çünki orada hərarət mənfi 140 dərəcəyədək düşə bilər, atmosfer təzyiqi isə 0,006 atm yaxındır.
Bakıya ilk dəfə səfər etdiyini bildirən J. Rempp OMEGA-nın son on ildə Azərbaycanda bazarın inkişafından məmnun olduğunu qeyd etdi: "Mən sizin iqtisadiyyatın yüksəlişi barədə çox eşitmişəm və ümid edirəm ki, tezliklə Bakıda yeni Omega mağazası açılacaq".
Qeyd edək ki, Azərbaycanda OMEGA-nın rəsmi təmsilçisi VMF Şirkətidir. Bir çox tanınmış İsveçrə markaları ilə yanaşı VMF Şirkətinin OMEGA ilə iş birliyi 2001-ci ildən uğurla davam edir. /ANS PRESS/