Ölkəmizin ilk telekommunikasiya peyki 2012-ci ilin IV rübündə orbitə çıxarılacaq
13 İyul 2011 Çərşənbə 15:07
Ölkəmizin ilk telekommunikasiya peyki 2012-ci ilin IV rübündə orbitə çıxarılacaq. Hazırda işlər plan-qrafik üzrə aparılır.
Regional bazarlara çıxış istiqamətində artıq bir neçə önəmli addımlar atılıb, Azərbaycanın kosmik proqramı üzrə işlər davam etdirilir. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında məlumat verib.
O bildirib ki, 2012-ci ilin IV rübündə ilk telekommunikasiya peykinin orbitə çıxarılması üçün işlər plan-qrafik üzrə aparılır. Məsləhətçi şirkətlər ilə birlikdə peykin təxminən 50 faizdən çox xidmət resurslarının xarici ölkələrə satışının ilkin şərtləri razılaşdırılıb.
Əsas və ehtiyat yerüstü idarəetmə mərkəzinin yaradılması və qəza zamanı xaricdən müdaxilə imkanı, kadr hazırlığı, Fransanın “Arianspace” şirkəti tərəfindən qaldırıcı raketin qurulması və s. işlər də plan üzrə həyata keçirilir.
Kosmik bazarlarda ölkəmizin mövqeyinin möhkəmlənməsi və davamlı olması üçün ikinci telekommunikasiya peykinin hazırlanması, yer səthinin monitorinqi və öyrənilməsi üçün alçaqorbitli izləyici peyklərin yaradılması istiqamətində araşdırma işləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: