«Nokia» iki «sim kart»lı ən ucuz modellərini təqdim edib
27 Avqust 2011 Şənbə 12:24
«Nokia» iki «sim kart»lı ən ucuz modellərini təqdim edib
Bakı. Nicat Mustafayev - APA-Economics. Finlandiyanın «Nokia» şirkəti eyni zamanda iki «sim kart» dəstəkləyən ən ucuz mobil telefon modellərini təqdim edib.
«APA-Economics»in məlumatına görə, «Nokia 100» və «Nokia 101» adlanan yeni mobil telefon modelləri cari ilin ikinci yarısında satışa çıxarılacaq. Yenilik fin istehsalçısının iki «sim kart» dəstəyi ilə ən ucuz aparatları olacaq.
«Nokia 100» modeli ilə telefon danışığı və SMS mübadiləsindən başqa «FM radio»ya qulaq asmaq da mümkündür. «Nokia 101»in isə 1,8 düym rəngli ekranla (128×160 piksel), 16 Gb tutuma qədər kart dəstəyi ilə «MicroSD» slotu, «FM radio» və qulaqcıqlar üçün 3,5 mm-lik konnektor ilə təchiz olunub.
Bundan başqa, telefon mp3 faylların oxudulması və GSM 900/1800 MHz şəbəkələrində işi dəstəkləyir. Qurğunun ölçüləri 110×45,5×14,9 mm, akkumulyator ilə birlikdə çəkisi isə 70 qr təşkil edir. «Nokia 100» modelinin qiyməti təxminən 30 ABŞ dolları, «Nokia 101»in qiyməti isə 35 dollar (vergi xaric və ticarət məntəqəsinin əlavəsi nəzərə alınmadan) təşkil edəcək.
Qeyd edək ki, IDC analitik şirkətinin apardığı tədqiqatlara əsasən, cari ilin II rübü ərzində dünyada 2,6 mln. ədəd eyni zamanda iki «sim kart» dəstəkləyən mobil telefon satılıb.
Xatırladaq ki, «Nokia 101» telefonu şirkətin son 3 ay ərzində istehsal etdiyi iki «sim kart» dəstəkləyən sayca beşinci modelidir.
DOSTLARINLA PAYLAŞ: