Mobil operatorlar oğurluq telefonlara xidmət göstərməyəcək
07 Yanvar 2012 Şənbə 18:06
Telefonun “imei” kodu dərhal onun hansı ölkədən oğurlandığını ortaya çıxaracaq.
Nazirlər Kabineti “Mobil cihazların qeydiyyatının aparılması qaydası”nı təsdiq edib. Məqsəd “terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair kompleks tədbirlər planı”nın icrasını təmin etməkdir.
Qaydalara əsasən, mobil cihazların qeydiyyat sistemi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qurulur, sistemin işinin həyata keçirilməsi də nazirlik tərəfindən aparılır. Mobil cihazların qeydiyyata alınması sisteminə mobil telefonun bir sıra göstəriciləri, o cümlədən “imei” kod adlanan beynəlxalq identifikasiya nömrəsi, telefonun mobil şəbəkə (abunəçi) nömrəsi, sim-kartın seriya nömrəsi, eləcə də mobil cihazın təsdiq kodu daxil edilir. Bu qeydiyyat sistemindən keçməyən mobil telefonların istifadəsi isə mümkün olmayacaq. Çünki mobil operatorlar bu cür telefonlara xidmət göstərməyəcəklər.
Mütəxəssislər isə yaradılacaq bu sistemin müsbət cəhətləri ilə yanaşı, qeyri-müəyyən məqamların da olduğunu deyirlər.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz deyir ki, şəxsi məlumatların kimə veriləcəyi tam aydın deyil. O bildirib ki, həmçinin şəxsi məlumatların hansı halda veriləcəyi də hələki məlum deyil.
Lakin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirirlər ki, bu sistem yalnız mobil cihazların imei kodlarına nəzarət edəcək. Yəni burada söhbət yalnız cihazla bağlı məlumatdan gedir. Şəxsi məlumatların yayılmasından isə söhbət gedə bilməz. Daha bir maraqlı məqam isə hazırda istifadədə olan telefonların aqibəti ilə bağlıdır.
Nazirliyin aparıcı məsləhətçisi Zakir Qasımov deyir ki, bu yalnız yeni gətiriləcək telefonlara aiddir. İndi istifadədə olan telefonlara amnistiya elan olunur.
Sistemin tam istismara verilməsi vaxtına gəlincə isə bu, işlərin gedişindən asılı olaraq yaxın 4-6 ay ərzində mümkün ola bilər. Sistemin işlədiyi elan olunan tarixdən etibarən həm satış, həm də fərdi istifadə məqsədilə ölkəyə mobil cihazlar gətirən şəxslər, həmin cihazları poçt məntəqələrinə, eyni zamanda mobil operatorun xidmət mərkəzlərinə müraciət edərək qeydə aldırmalıdır.
Bu sistemdə qaydaya uyğun qeydiyyata alınmış mobil cihazların imei nömrələri ağ səhifəyə, qeydiyyata alınmayan cihazlar qara səhifəyə daxil ediləcək. İnsanlar özləri telefonlarının qanuni olub-olmamasını yoxlaya biləcəklər
Bundan sonra, yeni telefon alan insanlar onun oğurluq, saxta, yaxud digər qanunsuz yollarla gətirilən olduğunu özləri yoxlaya biləcək.
Z. Qasımov deyir ki, bununla bağlı yeni bir sayt yaradılacaq: “Ora hər kəs imey kodunu daxil edib yoxlaya biləcək.
Qeyd edək ki, mobil cihazların qeydiyyata alınması sistemi bir sıra ölkələrdə, o cümlədən Avropada, Türkiyədə tətbiq olunub. Bu ölkələrdə telefon oğurluğu, saxta telefonların yayılması halları kifayət qədər azalıb. Azərbaycanda da bu sistemin işə düşməsindən sonra bu sahədə vəziyyətin müsbətə doğru dəyişəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: