Microsoft 250 dollarlıq kompüter buraxacaq
11 Noyabr 2011 Cümə 11:50
Şirkət əhalinin aztəminatlı təbəqəsi üçün ucuz kompüterlər buraxmağı planlaşdırır.
Gələn ildən etibarən Microsoft korporasiyası öz tərəfdaşları ilə birlikdə müasir təhsil texnologiyalarından istifadə edə biləcək əhalinin aztəminatlı təbəqəsi üçün ucuz kompüterlər buraxmağı planlaşdırır. Bu barədə məlumat ABŞ-ın Rabitə üzrə Federal Komissiyasının Connect to Compete milli təşəbbüsünə həsr edilən sənədində yer alıb.

Rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına istiqamətlənən bu təşəbbüsə ucuz personal kompüterlərin buraxılması ilə yanaşı, çoxlu əlavə proqramlar, o cümlədən internetə yüksəksürətli ucuz çıxış xidmətinin göstərilməsi üzrə proqram daxildir.

Buraxılması planlaşdırılan ucuz PK-ların texniki xüsusiyyətləri barədə komissiyadan məlumat verilmir. Lakin sənədin mətnində “əvvəlcədən quraşdırılacaq Windows və Office proqramlarının daxil olacağı “yüksəkkeyfiyyətli” qurğular barədə deyilir, Cnews yazır.

Genişzolaqlı çıxışın təqdim edilməsi üzrə proqrama gəldikdə, bu çərçivədə qiymətləri aylıq abunə haqqının vergilər nəzərə alınmadan – modemin pulsuz quraşdırılması və icarəsi şərtilə 9,95 dollar səviyyəsində müəyyən edilməsi planlaşdırılır.

Proqram 2 il müddətinə nəzərdə tutulub.

“Amerikalıların üçdə birinin – 100 milyon insanın evdə yüksəksürətli internetdən istifadə etmək imkanı yoxdur. Genişzolaqlı çıxış rəqabətqabiliyyətli ABŞ iqtisadiyyatı, iş, elektron hökumət, təhsil və energetika üçün əsas amildir”, deyə komissiyanın bəyanatında deyilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar