Məhkəmə «Bakcell» şirkətinin «Azercell»ə qarşı iddiasını təmin edib
03 Avqust 2011 Çərşənbə 11:40
Bu günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iclasında «Bakcell» şirkətinin «Azercell» şirkətinə qarşı operatorlararası arabağlantı tarifi üzrə məhkəmə iddiasına baxılıb.
«Bakcell»dən «APA-Economics»ə verilən məlumata görə, «Bakcell» şirkəti xərcləri azaltmaq üçün daim yeniliklər tətbiq edir və abunəçilərə daha sərfəli qiymətlərlə danışmaq imkanı yaradır. Lakin arabağlantı tarifinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması «Bakcell»in öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərirdi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2009-cu ilin aprel ayında qəbul edilmiş qərarından sonra «Bakcell» şirkəti arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərib. Yeni arabağlantı tarifi son istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin «Azercell» şirkəti bu məsələdə əməkdaşlıq etməyə razı olmayıb və Nazirliyin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, «Azercell» son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə tarifin endirilməsi istiqamətində bazarda «Bakcell»in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün tarifləri endirmək məcburiyyətində qalıb.
«Azercell»in son 2 il ərzində Nazirliyin qərarını yerinə yetirməkdən imtina edərək müştərilərə olduqca yüksək qiymətlər tətbiq etməsi ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərin azaldılmasına nail olmaq üçün «Bakcell» bütün mobil telefon istifadəçiləri adından hüquqi proseduralara müraciət etməyə məcbur olub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məsələyə baxıb və «Bakcell»in iddiasını təmin edib. Məhkəmə arabağlantı tarifinin 2009-cu ilin aprelindən etibarən 1 dəqiqəsi 2 qəpikdən hesablanmasını və «Azercell» tərəfindən iddiaçıya yaranmış borcların ödənilməsi barədə qərar qəbul edib.
«Biz mobil rabitənin həqiqətən rəqabətli sənaye sahəsi kimi inkişaf etməsində daha bir təhlükə ilə üzləşə bilərik. Əvvəl, «Azercell» Nazirliyin tələblərinə məhəl qoymayaraq, rəqabəti məhdudlaşdırmaq üçün digər operatorlarla arabağlantı tarifini yüksək həddə saxlayır, indi də operatorlar Mobil Nömrələrin Daşınmasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş müddətə əməl etməkdən imtina etsələr, bu, müştərilərin seçim imkanlarını daha da məhdudlaşdıracaq. «Bakcell» şirkəti Mobil Nömrələrin Daşınması zərurətini anlayır və onun mümkün qədər qısa müddətdə bazarda tətbiq edilməsini görmək istərdi. Biz digər operatorları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşaraq, Mobil Nömrələrin Daşınmasını yaxın zamanda tətbiq etməyə çağırırıq», - deyə «Bakcell»in baş icraçı direktoru Riçard Şirer bildirib.
Qeyd edək ki, mobil operatorlar bir-birinə şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə müəyyən tariflə haqq ödəyir və həmin tarif «arabağlantı tarifi» adlanır. Ötən ilin aprelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. «Bakcell» şirkəti «Azercell»ə arabağlantı tarifini tələb olunan səviyyəyə qədər azaldılması təklifi ilə müraciət etsə də, «Azercell» mövcud tarifin (1 dəq. = 0,05 AZN) onu qane etdiyini söyləyərək qarşı tərəfi haqsız saydığını bildirib.
DOSTLARINLA PAYLAŞ: