Kompüter inhisarından qazanılan milyonlar kimin cibinə axır?
03 Oktyabr 2013 Cümə Axşamı 16:44
ANS PRESS ölkə iqtisadiyyatının ən modern sahəsində baş verən kəskin geriləmənin səbəblərini araşdırıb.
Azərbaycanın sənaye istehsalı üzrə statistikasında elə də nəzərə çarpmayan, amma çox önəmli bir məqam var - son beş ildə Azərbacanın kompüter istehsalçılarının anbarlarda yığılan hazır məhsulu 3-4 dəfəyə qədər artıb. Yəni əgər 2008-ci ildə bu rəqəm 2 milyon manat ətrafında dəyişirdisə, son iki ildə 7 milyon manatı keçib.
Bu, ilk baxışdan məhsul artımından xəbər verən müsbət dinamika kimi görünə bilər, amma kompüter istehsalı ilə məşğul olan müəssisələrlə yaxından tanış olan ANS PRESS fərqli mənzərə ortaya çıxarıb. Əslində, ildən ilə artan qalıq məhsul göstəricisi satıla bilməyən məhsulu əks etdirir və təxminən 15 min fərdi kompüterin alıcı tapmadan anbarlarda yatması deməkdir. Anbarlarda qalan məhsulun ildən ilə çoxalması yerli kompüter istehsalçılarının vəziyyətinin getdikcə pisləşməsindən xəbər verir.
Müəssisələrin dövriyyə kapitalı gündən günə mənəvi qocalan ölü kapitala çevrilib ki, bu da istehsal səviyyəsini xeyli aşağı salıb. Məsələn, Mingəçevirdə 2005-ci ildə istifadəyə verilmiş kompüter zavodu ildə təxminən 10 minə yaxın fərdi kompüter istehsal etdiyi halda, hazırda illik istehsalı 1000-1200 ətrafında dəyişir. Yəni bu zavodun istehsal səviyyəsi 10 dəfəyə qədər düşüb. Bunun nəticəsində zavodun işçi sayı 5 dəfəyə qədər azalıb, bir vaxtlar 250 nəfərin çalışdığı müəssisədə indi 50 nəfərə qədər adam işləyir. Şamaxıda bir neçə il qabaq tikilmiş iri kompüter zavodu isə işini tamamilə dayandırıb və vaxtilə bu müəssisədə işləmiş 500 nəfərə yaxın insan iş yerini itirib.
Nə baş verir? Azərbaycanda fərdi kompüterlərə maraq bu qədərmi azalıb? Əsla yox, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə, Azərbaycanda ev təsərrüfatlarında kompüter mövcudluğu göstəricisi hər il 10 faizə qədər artır. Yəni statistikaya görə, əgər 2011-ci ildə Azərbaycanın ev təsərrüfatlarının 38%-də kompüter olubsa, 2012-ci ildə bu göstərici 47,7%-ə çatıb. Azərbaycanda təxminən 2 milyon ev təsərrüfatı var və bu o deməkdir ki, 2012-ci ildə 200 min ailə evinə kompüter alıb. Və göründüyü kimi, bu kompüterlərin yalnız 0,5%-ni Azərbaycan istehsalçıları təmin ediblər.
ANS PRESS-in ticarət şəbəkəsində apardığı araşdırmadan belə məlum olub ki, alıcılar yerli istehsalçıların məhsulların elə də maraq göstərmirlər. Çünki eyni göstəricilərə malik kompüterlər yerli istehsalçılar tərəfindən 500-600 manata təklif edildiyi halda, idxalçılar tərəfindən 350-400 manata satılır. Nəticədə, əhali daha ucuzuna qaçır. İstehsalçılar bu rəqabət uğursuzluğunun əsas səbəbini gömrük rüsumlarında görürlər. Məsələ bundadır ki, ölkəyə idxal edilən hazır kompüterlərdən 3% rüsum tutulduğu halda, kompüter hissələrinin idxalı zamanı 15-18% tutulur. İdxalçılar həm də ölkəyə nisbətən mənəvi qocalmış zəif kompüterləri gətirirlər ki, onu da kampaniya qiymətləri ilə ucuz alırlar. Məsələ bundadır ki, Qərbdə istehsalçılar məhsulların təxminən 25-30%-ni zəmanət fondu kimi saxlayırlar və 1-2 ildən sonra çox ucuz qiymətə satırlar. Məhsul həm zamanla aşınır, həm də mənəvi qocalır. Bu səbəbdəndir ki, Qərbin ticarət şəbəkəsində əksər kompüterlərin əməliyyat yaddaşı 4 geqabayt olduğu halda, Azərbaycanda satılan kompüterlərin əməliyyat yaddaşı adətən 2 geqabayt təşkil edir. Yəni bu əlverişsiz idxal oyunu yerli istehsalçını müflisləşdirməklə yanaşı, ölkəyə mənəvi və texniki köhnəlmiş texnikanın gətirilməsinin də baiskarıdır.
Bu səbəbdəndir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov təcili olaraq ölkədə gömrük tariflərinə yenidən baxılmasını vacib sayır. “Belə gömrük rüsumları sovet praktikasından qalıb. Sovet dövründə yığım hissələri ölkə daxilində istehsal edilirdi, o cür qaydalar xaricdən ehtiyat hissələri gətirməyin qarşısını almaq üçün idi. Amma Azərbaycanın vəziyyəti elədir ki, daxili istehsalın stimullaşdırılması üçün yığım hissələri xaricdən gətirilməlidir. Dünyanın aparıcı elektronika ölkələri, məsələn, Yaponiya yığım hissələrinin böyük hissəsini başqa ölkələrdən alır. Əslində, xaricdən gətirilən hazır mallara yüksək idxal rüsumu qoyulmalıdır”,- deyə iqtisadçı-ekspert vurğulayır. Onun sözlərinə görə, bu cür qaydalar yalnız kompüter istehsalında deyil, xaricdən gətirilən hissələrə əsaslanan bir çox sahələrə də aiddir. Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan gömrük praktikası məhz büdcənin doldurulması məqsədini daşıyır və bu praktika dəyişdirilməlidir: “Gömrük rüsumları daxili bazarın qorunması məqsədi ilə olmalıdır. Müasir dünyada görük rüsmlarının heç bir fiskal əhəmiyyəti yoxdur. Avropa Birliyi ölkələrində gömrük rüsumları büdcə daxilolmalarının 0,7%-ni təşkil edir, ABŞ-da isə 1%-ə yaxındır. Ehtiyat hissələrə tətbiq edilən gömrük vergisi hazır məhsula tətbiq ediləndən dəfələrlə aşağı olmalıdır ki, ölkədə iş yerləri yaradıla bilsin. Digər inkişaf etmiş ölkələrdə də belə edilir”.
İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük ərəfəsində olduğu bir məqamda bunun edilməsi çox önəmlidir: “Bizim müəssisələr ÜTT-yə girən məqamda güclü olmalıdır. ÜTT-yə girdikdən sonra da müəyyən müddətdə qanunvericilik baxımından heç bir dəyişiklik olmur. Digər ölkələr kimi Azərbaycan da ÜTT-yə girdikdən sonra keçid müddəti əldə edəcək, 7 il keçid müddəti var. Keçid müddətində Azərbaycan daxili bazarın qorunması ilə bağlı bütün fəaliyyətini həyata keçirməlidir”.
Qeyd edək ki, ÜTT-nin üzvü olan Rusiya və Türkiyədə də yerli kompüter istehsalının stimullaşdırılması ilə bağlı tutarlı addımlar atılır. Hökumətin stimullaşdırma tədbirləri nəticəsində dünyada tanınmış “HP” şirkəti 2011-ci ildə Türkiyədə öz bölməsini yaradıb və ildə 2,4 milyon kompüter istehsal edir. Həmin kompüterlərin böyük bölümü Türkiyədə satılır. Ankara bir sıra vergi güzəştləri ilə yanaşı daxili hökumət satınalmalarında “HP Türkiyə”nin kompüterlərinə üstünlük verir. Türkiyə baş naziri Ərdoğan “yerli kompüter 15 faiz baha olsa da, yerli mal alın” deyərək dövlət məmurlarına səslənib. Kompüter sənayesi yeni olan Rusiyada daxili istehsalın stimullaşdırılması ilə bağlı böyük işlər görür və artıq yerli kompüterlər şimal qonşumuzun bazarında 20%-ə qədər yer əldə edib. Azərbaycanın da yaxın əlaqələrə malik olduğu bu iki qonşusunun yolu ilə getməsinin vaxtı çoxdan çatıb.
DOSTLARINLA PAYLAŞ: