Kommunal ödənişləri mobil telefonla da ödəmək mümkün olacaq
29 Fevral 2012 Çərşənbə 16:42
“GoldenPay” “VİSA”nın dəstəyi ilə əhalini kommunal ödənişləri internet vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiyaya başlayıb.
“GoldenPay” şirkəti “VİSA” beynəlxalq ödəniş sisteminin dəstəyi ilə əhalini kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan əhalisi kommunal ödənişləri bank kartları vasitəsilə internetdən – “hesab.az” portalında ödəyə bilərlər.

Onlayn ödəmə portalı bütün növ kommunal ödənişlərini, o cümlədən, telefon və mobil rabitə, internet və kabel televiziyasını ödəmək imkanı yaradır. Bu təkcə operativ və rahat xidmət demək deyil, həm də sərfəlidir. Qeydiyyatdan sonra, hər ödəniş apardıqda abunəçiyə bonus xallar əlavə olunur. Kart vasitəsilə hər xərclənmiş 1 qəpiyə görə 1 bal verilir və həmin ballar vasitəsilə abunəçi elektron lotoreya bileti əldə etməklə, müxtəlif hədiyyələr qazana bilər.

1 mart tarixindən 30 aprel tarixinədək “Visa” kart sahibləri üçün kommunal xidmətlərin ödəniş zamanı xüsusi güzəştlər nəzərdə tutulub. İki ay ərzində aktiv ödəniş aparan “VİSA” kart sahibləri digər ödəniş sisteminə məxsus bank kartları sahiblərindən üç dəfə artıq bonus xallar əldə edəcəklər. Aksiyanın sonunda hədiyyələrin oynanılması planlaşdırılır. Qaliblərə internet maqazinləri tərəfindən möhtəşəm hədiyyələr təqdim olunacaq.

Yeri gəlmişkən, “GoldenPay” aktiv mobil telefon istifadəçiləri üçün “hesab.az” portalının xüsusi “m.hesab.az” versiyasını hazırlayıb. Kompüterə çıxış olmadığı təqdirdə, portalın mobil versiyası vasitəsilə günün istənilən saatında ödəniş aparmaq olar. Əsas şərt odur ki, istifadəçidə internetə bağlı mobil telefon və bank kartı olsun.

Qeyd edək ki, “GoldenPay” şirkəti Azərbaycanda ilk və ən təhlükəsiz internet ödəmə sistemidir. Bu gün şirkətin xidmətlərindən 100-dən çox təşkilat istfadə edir ki, onların da 20-dən çoxu kütləvi ödəniş xidməti göstərən şirkətlərdir. Bundan başqa, “GoldenPay” özünə məxsus portalların yaradılması ilə məşğuldur. Sığorta sahəsində, bilet satışında və əhali üçün digər sahələrdə xidmət göstərmək üçün onlayn layihələri həyata keçirməyə planlaşdırır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar