iPhone ve iPad ABŞda qadağan edildi
06 İyun 2013 Cümə Axşamı 02:01
Şirkət qərardan apelyasiya şikayəti verə bilər.
ABŞ-ın Beynəlxalq Ticarət Komissiyası Apple şirkətinə Birləşmiş Ştatlar ərazisində iPhone smartfonunun və iPad planşet kompüterinin bəzi modellərinin satışını qadağan edib.
Lenta-nın məlumatına görə, qərar Apple-ı patent hüququnun pozulmasında təqsirləndirən Samsung şirkətinin iddiası əsasında qəbul olunub. Qadağa AT&T rabitə operatoru üçün iPhone 4, iPhone 3GS, eləcə də AT&T-in müqavilələri ilə satılan iPad 3G və iPad 2 3G modellərinə şamil ediləcək.
Bununla belə qeyd etmək lazımdır ki, bu qurğular artıq ABŞ bazarında satılmır və buna görə Samsung-un qələbəsini simvolik hesab etmək olar.
Apple qərardan apelyasiya şikayəti verə bilər. Bundan başqa, qərarı patent mübahisələrinə görə qadağaların qoyulmasına qarşı çıxış edən ABŞ prezidenti ləğv edə bilər.
Apple nümayəndələri Birləşmiş Ştatlar ərazisində şirkətin köhnə modellərinin satışının qadağan edilməsinə hələ ki münasibət bildirməyiblər. Bununla yanaşı Samsung təmsilçiləri qeyd ediblər ki, Beynəlxalq Ticarət Komissiyasının qəbul etdiyi qərar Apple-ın Cənubi Koreya rəqibinə məxsus texnoloji innovasiyalardan qeyri-qanuni istifadə etməsini təsdiq edib.
DOSTLARINLA PAYLAŞ: