İnternet Marsa gedib çıxacaq
09 May 2013 Cümə Axşamı 08:00
“Google” planetlər arasında internet əlaqəsi yaratmaq haqda düşünür.
“Google” şirkətinin vitse-prezidenti Vint Sörf təxminən 30 il əvvəl müasir qlobal şəbəkənin əsas protokolu – “TCP/IP”nin işlənib hazırlanmasında iştirak edib. Hazırda o, gələcəyə baxaraq planetlərarası internet barədə düşünür. Sörf uzun illərdir planetlərarası internet standartını hazırlayaraq “NASA” ilə əməkdaşlıq edir. Sörf planetlərarası rabitəni təmin etmək üçün bir neçə protokol hazırlayıb.
“Google” vitse-prezidenti “Wired” internet nəşrinə verdiyi müsahibəsində kainatın rəqəmli inkişaf perspektivlərindən söz açıb. Onun sözlərinə görə, klassik TCP/IP protokolu planetlərarası kommunikasiya protokolu kimi uyğun deyil. İctnews yazır ki, o, Mars planetində işləyə bilər, lakin Qırmızı planetlə Yer kürəsi arasında etibarlı əlaqə yaratmaq üçün yaramır. Məsələ ondadır ki, bu cür məsafədə sürətli planetlərarası pinq üçün hətta işıq sürəti kifayət etmir. Yer kürəsindən Marsa radiosiqnal 3.5-20 dəqiqə müddətində çatır. Sörfün hazırladığı yeni protokol “Bundle” adlanır.
O, həmçinin qeyd edib ki, Mars interneti ənənəvi domen sistemindən istifadə edə bilməyəcək. Məsələ ondadır ki, domen adlarından istifadə zamanı serverlərə xeyli sorğu göndərilir. Bu isə Mars planeti üçün uyğun deyil, çünki xeyli vaxt alacaq. Buna görə onun komandası klassik sistemə əlverişli alternativ axtarır.
DOSTLARINLA PAYLAŞ: