İltimas Məmmədov: “Rouminq qiymətlərinin aşağı salınması zəruridir”
21 Fevral 2011 Bazar Ertəsi 23:02
İltimas Məmmədov: “Rouminq tarifləri maya dəyərindən bir neçə faiz, bəzən isə 3-4 dəfədən çoxdur”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rouminq qiymətlərinin təhlilini aparıb. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ANS-ə məlumat verib.
Məlum olub ki, burada vəziyyət ürəkaçan deyil. Nazirlik bəzi istiqamətlərdə rouminq tariflərinin maya dəyərindən bir neçə faiz, bəzən isə 3-4 dəfədən çox olduğu qənaətinə gəlib.
Nazir müavinin sözlərinə görə, qurum rouminq qiymətlərinin aşağı salınmasını zəruri sayır. Bununla bağlı artıq müvafiq qurumlarla bir neçə görüş keçirilib və yazılı bildirişlər verilib: “Artıq bununla bağlı tapşırıq da verilib ki, qiymətlər aşağı salınsın və bu gün qismən endirim var”.
Nazir müavini deyir ki, bununla bağlı məlumatlar nazirliyə göndərilib: “Endirimlər 15, 20 və 22 faiz təşkil edib. Biz yazıb onlara bir daha bildirmişik və bu yaxınlarda onlarla yenə görüş keçirilib. Bu iş aparılacaq və qiymətlər aşağı salınacaq”.
İ. Məmmədov deyir ki, bu gün mobil rabitə sistemində qiymətlərdə anormallıq var: “Bunun üçün də qiymətlər bir neçə dəfə düşməlidir. Elə istaqmət də var ki, burada qiymət bir neçə faiz düşməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: