Gürcüstan və Azərbaycan yeni zavod tikəcək
15 Fevral 2011 Çərşənbə Axşamı 19:23
Söhbət qonşu ölkənin ərazisində yerləşəcək neft emalı zavodunun inşasından gedir
Azərbaycan və Gürcüstan neft emalı zavodu inşa edəcək. Bu barədə Gürcüstanın baş naziri Nika Gilauri hökumətin iclasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstan iri sərmayə layihələri, o cümlədən NEZ-in inşasını maliyyələşdirəcək yeni investisiya fondu təsis edəcək. “Prezident hesabatında qeyd edib ki, dövlət özəl sektorla sıx əlaqə və koordinasiyada bir sıra investisiya layihələri reallaşdırmağa çalışacaq. Mən neft emalı zavodunun tikintisini nəzərdə tuturam. Bu layihənin həyata keçməsi üçün azərbaycanlı həmkarlarımız ilə məsləhətləşmələr aparırıq. Bundan başqa, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə logistika mərkəzinin yaradılması da nəzərdə tutulur”,- deyə N.Gilauri bildirib.
Yığıncaqda iştirak edən Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə bildirib ki, yeni neft emalı zavodunun tikintisi üçün lazım olan investisiyanın cəlb olunması 2012-ci ilin 1 aprel tarixindən başlayacaq. Onun sözlərinə görə, zavoda xammal Azərbaycandan gətiriləcək, çünki Azərbaycan əsas və etibarlı tərəfdaşdır: “Yeni tikiləcək zavod həm Azərbaycan, həm də Gürcüstan üçün sərfəlidir. Eyni zamanda bu zavodun işə düşməsi ilə yeni iş yerləri açılacaq, əhali iş yeri ilə təmin ediləcək”.
DOSTLARINLA PAYLAŞ: