"Google TV" layihəsi təqdim olunub
23 May 2010 Bazar 17:15
"Google TV" adi televizordan internetə çıxış və digər yeni imkanlar təqdim edən açıq platformadır.
San-Fransisko şəhərində keçirilən Google I/O tərtibatçılar konfransında “Google TV” layihəsi təqdim olunub. “Google TV” adi televizordan internetə çıxış və digər yeni imkanlar təqdim edən açıq platformadır.
Xarici KİV-lərin məlumatına görə, “Google TV” Android proqram və İntel Atom CE100 aparat platformaları əsasında yığılıb.
“Google TV” bazasında qurğunu televizora qoşmaqla istifadəçi internet üzərində yayımlanan axın kontentinə baxmaq, veb-saytlar açmaq və veb-əlavələrdən istifadə etmək imkanı qazanır. Bunun üçün “Google TV”-də Google Chrome veb-brauzeri quraşdırılıb. Bu zaman istifadəçi adi telekanallar və ödənişli teleyayıma da baxa biləcək.
Tərtibatçıların sözlərinə görə, “Google TV” vasitəsilə böyük kontent kitabxanaları və kanallar siyahısı ilə rahat işləmək mümkün olacaq. Burada söhbət internet, standart teleyayım, ödənişli televiziya və qurğunun rəqəmsal yaddaşından gedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: