Facebook gelirlerini artırıb
02 May 2013 Cümə Axşamı 14:31
Sosial şəbəkənin (Facebook) 2013-cü ilin birinci rübündə xalis mənfəəti 7 faiz artaraq 219 milyon dollar təşkil edib.
Facebook sosial şəbəkəsinin 2013-cü ilin birinci rübündə xalis mənfəəti 7 faiz artaraq 219 milyon dollar təşkil edib. Bu barədə şirkətin yaydığı məlumatda deyilir. Xatırladaq ki, 2012-ci ilin birinci rübündə şirkət 205 milyon dollar xalis mənfəət əldə etdiyini açıqlamışdı.

Xalis mənfəətin bir səhmə olan nisbəti 2012-ci ilin birinci rübü ilə müqayisədə dəyişməyərək 0,09 dollar səviyyəsində qalıb. Bununla belə, Facebook-un 2013-cü ilin yanvar-mart ayları ərzində mədaxili 1,46 milyard dollar olub ki, bu da bir il əvvəl qeydə alınan 1,06 milyard dollarlıq göstəricidən 38 faiz çoxdur.

Mədaxil strukturunda reklam liderlik etməklə ümumi mədaxildə payı 85 faiz və ya 1,25 milyard dollara çatır. Bu, sosial şəbəkənin 2012-ci ilin yanvar-mart dövründə nail olduğu nəticəni 43 faiz üstələyir.

Cari ilin martında gündəlik aktiv istifadəçilərin sayı orta hesabla 665 milyon nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 26 faiz çoxdur. Facebook-un mobil əlavələr istifadəçilərinin sayı bu ilin martın 31-nə olan vəziyyətə görə 751 milyon nəfərə çatıb. Bu, ötən ilin göstəricisini 54 faiz ötür, RBK saytı yazır.

Ekspertlər xalis mənfəətin bir adi səhmə olan nisbətini 1,44 milyard dollarlıq mədaxillə 0,12 dollar dəyərində proqnozlaşdırmışdılar. Uzadılmış sessiya ərzində nəticələr açıqlandıqdan sonra sosial şəbəkənin səhmlərinin satış qiymətləri dəyişməyə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar