Erməni yalanını ifşa edən internet saytı açılıb
12 Avqust 2010 Cümə Axşamı 16:40
www.plagiarism-az.com saytı istifadəyə verilib.
Bu gün Bakıdakı Atatürk Mərkəzində “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin (İB) təşəbbüsü ilə yaradılmış erməni plagiatlığından bəhs edən internet saytının (www.plagiarism-az.com) təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən İB-nin sədri Əfqan Qafarlı saytın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yaradıldığını bildirib. Saytda ermənilərin müxtəlif istiqamətlərdəki plagiatlıq ənənələrindən bəhs edən materiallar, nəşrlər yerləşdirilib. Hər bir oxucu saytda erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsinə dair ayrı-ayrı mənbələrdəki etirafları ilə də tanış ola biləcək. Erməni plagiatlığını ifşa etmək məqsədilə yaradılmış saytda materiallar Azərbaycan, rus və ingilis dillərindədir.
Tədbirdə Milli Məclisin deputatı Elman Məmmədov, Milli Kulinariya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin şöbə müdiri Natiq İsayev və başqaları iştirak edib. Ziyalılar erməni plagiatlığından bəhs edən internet saytının yaradılmasını alqışlayıb.
"Əqli Mülkiyyətçilərə Kömək” İB həyata keçirdiyi layihənin davamı olaraq erməni plagiatlığı ilə bağlı faktlar barədə Dünya Əqli Mülkiyyət Təşkilatına müraciət etməyi planlaşdırır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: