Elektron imzanın tətbiqi prosesi sürətləndiriləcək
23 May 2011 Bazar Ertəsi 20:32
Elektron imzanın tətbiqi prosesi sürətləndiriləcək. Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Prezident İlham Əliyev elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları 3 ay müddətində elektron xidmətin təşkili üçün səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması, elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi, elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi, eləcə də müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi məqsədi ilə tədbirləri həyata keçirəcəklər.

Dövlət başçısının imzaladığı fərman göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini də nəzərdə tutur.

Fərmanda daha sonra qeyd edilib ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 3 ay müddətində elektron xidmətin təkmilləşdirilməsi məqsədi ilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etmək, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirmək, dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etmək və dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirmək tapşırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar