Elektrik ev əşyaları alarkən nələri bilmək lazımdır?
02 Sentyabr 2011 Cümə 10:42
Bu məhsulları alarkən aldana bilərsiniz
Elmi-texnoloji inkişafla əlaqədar olaraq elektrik və elektron ev əşyaları sürətlə yeniləşməkdədir. Hər gün bazara yeni texnologiyalarla istehsal edilmiş məhsullar çıxarılır. Bu səbəbdən istehlakçıların seçim etməsi kifayyət qədər çətindir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti əhaliyə bildirir ki, bu malları alarkən diqqətli olsunlar. Alqı-satqını müqavilə əsasında həyata keçirilməlidir. Eyni zamanda zəmanət müddəti daha çox olan mallara üstünlük verilsə daha yaxşı olar. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu zaman, müştərinin gələcəkdə pozulan hüquqlarının təmin olunması mümkündür.
Üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş, mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqlarının satışı və istifadəsi istehlakçıların həyatı və təhlükəsizliyi baxımından yolverilməzdir. İstehlakçıların bu malların alınması zamanı fikir verilməli olan məsələlər barədə kifayyət qədər məlumatlı olmaması satıcılar tərəfindən onların aldadılmasına şərait yarada bilər.
Bildiyimiz kimi, hər bir mal normativ-texniki sənədlərin, o cümlədən müvafiq standartların, texniki şərtlərin, eləcə də alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə uyğun olaraq hazırlanmalı və satışa çıxarılmalıdır. Əgər malların keyfiyyət xüsusiyyətləri və digər əlamətləri onun hazırlanmasında istinad olunan müvafiq standartın, digər normativ-texniki sənədlərin tələblərinə, alıcı ilə satıcı arasında bağlanan müqavilə şərtlərinə, habelə istehsalçının, yaxud satıcının mal haqqında verdiyi məlumata uyğun gəlmirsə, onda həmin malda qüsur olduğunu, onun saxtalaşdırıldığını iddia etmək mümkündür.
Bu əşyaların istifadə qaydalarını, lazım olan işi görməkdə sizə verəcəyi faydanı, qüsurlu olub-olmadığını, texniki servis xidmətləri, qiyməti, evə çatdırılması və quraşdırılması barədə məlumatları satıcıdan öyrənmək lazımdır. Mövcud qanunvericiliklə istehlakçının əsas hüquqlarından biri mal haqqında informasiya əldə etməkdən ibarətdir. Satıcı həmin məlumatları verməyə borcludur. İnformasiya zəruri və düzgün olmalıdır. Zəruri informasiya dedikdə, malın istehlak xassələri və istifadə qaydalarını ifadə edən məlumat başa düşülür. Məlumat alıcıya elə verilməlidir ki, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. barədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Düzgün informasiya dedikdə, onda ifadə olunan məlumatların mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.
Bundan əlavə zəmanətlə satılan elektrik ev əşyaları alarkən onların zəmanət talonunu tələb etmək lazımdır. Bu malların texniki pasportu, istifadə qaydalarında istifadə və qulluq haqqında kifayət qədər dolğun məlumat olmalı, istifadəsi, təmizlənməsi asan olmalıdır. Bu malların daha sərfəli olmasını aydınlaşdırmaq üçün onların enerji sərfiyyatı normasını bilmək lazımdır. Az enerji sərfiyyatlı ev əşyaları almaq məsləhətdir. Satışa çıxarılmış bu növ mallar mövcud standartların tələblərinə cavab verməli, etibarlı və davamlı olmalıdır. Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın özünün zəmanət müddətindən az olmamalıdır.
Zəmanət müddəti malın pasportunda, yaxud nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Bundan əlavə, həmin sənəddə malın istehsalçısı və satıcısı haqqında dolğun məlumat olmalıdır. Ehtiyat hissə təchizatı kifayət qədər, satışdan sonrakı texniki servis xidməti əhatəli olmalıdır. İstehsalçı, mallara texniki xidməti, onların zəmanətli təmirini, habelə, texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə ehtiyat hissələrilə təchizini bütün istehsal müddəti ərzində mal istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində həyata keçirilməlidir. Bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.
DOSTLARINLA PAYLAŞ: