Dövlət orqanlarının informasiya ehtiyatları qorunacaq
20 İyun 2012 Çərşənbə 22:31
Ekspertlər bu sahədə ixtisaslı kadrlara ehtiyac olduğunu deyirlər.
Prezident İlham Əliyev dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi haqqında fərman imzalayıb. Hakerlərin günü-gündən təkmilləşdiyi bir vaxtda informasiya resurslarının təhlükəsizliyinin güclənməsi potensial təhlükənin qarşısını almağa kömək olacaq.

Fərmana əsasən xüsusi dövlət mühafizə xidməti sərəncamında olan dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. Eyni zamanda Nazirlər Kabinetinə iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etmək tapşırılıb.

Ekspertlər fərmanın dövlət idarələrinin internet saytlarının təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətli olduğunu, dövlət qurumlarının informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının qorunmasına, eləcə də bu sahədə ixtisaslaşmış kadrlara ehtiyacın olduğunu deyirlər.

Xatırladaq ki, bu ilin əvvəlində Azərbaycanın 25 internet resursuna xakerlər tərəfindən hücum olunmuşdu. İnternet saytları arasında Prezident Adminstrasiyasının və Daxili İşlər Nazirliyinin saytı da var idi. Internet saytlarına edilən hücumların əksəriyyəti İrandan, bir neçəsi isə Niderladdan olmuşdu.




DOSTLARINLA PAYLAŞ:

oyunlar