Dell netbuk bazarını tərk edir
16 Dekabr 2011 Cümə 14:19
Şirkətin rəsmi saytında istehlakçılara Mini netbukları əvəzinə noutbuklar təklif olunur.
Dell şirkəti Streak planşet kompüterlərinin istehsalından imtina etməsinin ardınca Mini seriyası çərçivəsində netbukların buraxılmasını dayandırmaq barədə qərar qəbul edib. Belə ki, şirkətin rəsmi saytında istehlakçılara Mini netbukları əvəzinə noutbuklar təklif olunur. Məsələn, Dell Inspiron Mini 1012 səhifəsində qeyd edilir ki, məhsul artıq satışda yoxdur. Bununla belə, onu da qeyd edək ki, bəzi modellər hələ də pərakəndə satışda yer alıb və korporativ müştərilər onları əldə etmək imkanına malikdirlər.
Dell şirkətinin marketinq üzrə rəhbəri Elison Hardnerin sözlərinə görə, şirkət diqqətini nazik noutbuk və ultrabuklara yönəltmək fikrindədir, DayliComm yazır.
Bir müddət əvvəl Samsung şirkəti də netbuklar bazarını tərk etdiyini rəsmən elan edib.
Acer netbukların istehsalından imtina etmək barədə düşünmür, çünki inkişaf etməkdə olan ölkələrdə bu qurğulara tələbat hələ ki yüksəkdir.
DOSTLARINLA PAYLAŞ: