Dekabrın 19-da Cənubi Qafqazda ən iri avtomobil bazarı açılacaq
17 Dekabr 2009 Cümə Axşamı 19:35
Rustavi şəhərindəki müasir kompleksdə müştərilər üçün bütün şərait yaradılıb
Azərbaycana xarici avtomobillərin gətirilməsi ilə məşğul olan adamlar üçün xoş sürpriz. Gürcüstan hökuməti vədinə sadiq qalaraq Tiflisin ucqar rayonunda yerləşən avtomobil bazarının Rustavi şəhərinə köçürülməsi ilə bağlı planı gerçəkləşdirib. Dekabrın 19-da Rustavi şəhərinin giriş hissəsində Cənubi Qafqazda ən iri avtomobil bazarının açılışı olacaq.
Müasir kompleksdə 5000 avtomobilin yerləşməsi üçün ərazi ayrılıb. Eyni zamanda burada Gömrük terminalı fəaliyyət göstərəcək. Terminalda 2000 avtomobilin alqı-satqısı ilə bağlı bütün prosedurların həyata keçirilməsi üçün imkan yaradılıb.
Gürcüstan hökumətinin müasir tipli avtomobil bazarını yaratmaqda məqsədi ölkədən maşınların təkrar ixrac həcminin artırılması, yeni iş yerlərinin yaradılması və dövlət büdcəsinə gəlirlərin artırılmasına nail olmaqdır.
Rustavidəki avtomobil bazarı Azərbaycandan maşın almaq üçün Gürcüstana üz tutan vətəndaşların işini xeyli asanlaşdıracaq. Ən azı ona görə ki, Qazaxdakı “Sınıq Körpü” buraxılış məntəqəsindən Rustaviyə çatmaq üçün 30 dəqiqə kifayətdir. Eyni zamanda bazarın ərazisini tərk etməməklə hər bir alıcı maşını satmaq ya da almaq üçün bütün prosedurlardan keçə biləcək.
Maşın bazarında “TaoPrivatBank”ın yerli filialı yerləşir. Bu, müştərilərə bütün növ bank əməliyyatlarından istifadə etmək imkanı yaradır. 2010-cu ildən isə elə bazarın özündə istənilən maşını kreditə götürmək mümkün olacaq.
Bazarın açılışında retro-avtomobillərin sərgisi və DRIFT-SHOW olacaq. “TaoPrivat Bank” isə bütün qonaqlara pulsuz kredit kartları paylayacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: