Bütün bölgələr CDMA simsiz rabitə xidmətinə keçir
24 İyun 2010 Cümə Axşamı 18:05
"Aztelekom"un 32 baza stansiyasından ibarət CDMA simsiz rabitə xidməti respublikanın 20 rayonunda təşkil olunub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) CDMA abunəçilərinin sayı 8520-yə çatıb. Məlumat üçün bildirək ki, bu rabitə sistemi 1993-cü ildə Amerika Telekommunikasiya Sənayesi Assosiasiyasında İS-95 standartına uyğun olaraq standartlaşdırılıb. Hazırda bu ən müasir mobil telefon sistemi hesab olunur. CDMA texnologiyası İTU tərəfindən 3-cü nəsil mobil rabitə sisteminin hazırlanması üçün əsas kimi tövsiyyə olunub.
“Aztelekom” İB-də CDMA simsiz rabitə xidməti 2005-ci ilin sentyabr ayında istismara verilib, əhatə dairəsi Bakı, Abşeron və Şamaxı rayonu olub. Qısa müddətdə bu xidmətin regionlarda tətbiqi istiqamətində tədbirlər görülüb və hazırda “Aztelekom” İB-nin 32 baza stansiyasından ibarət CDMA simsiz rabitə xidməti respublikanın 20 rayon ərazisində təşkil olunub. Yaxın gələcəkdə respublikanın digər bölgələrində də CDMA simsiz rabitə xidməti təşkil ediləcək.
BTRİB-in rəsmisindən aldığımız məlumata əsasən, birliyin bazasında 13 min CDMA nömrəsi var və ehtiyac yarandıqda, onların sayı artırılacaq. BTRİB 511 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB-in CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.
Qeyd edək ki, Azərbaycanda CDMA şəbəkə xidmətlərini “Baktelekom”, “Aztelekom” dövlət müəssisələri, eləcə də “Catel”, “Ultel” və “Aztrank” təqdim edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: