Bu il mobil telefonların qeydiyyatı sisteminin mərkəzi bazası yaradıla bilər
22 İyul 2010 Cümə Axşamı 10:35
Azərbaycanda bu ilin sonuna kimi mobil telefonların qeydiyyatı sisteminin mərkəzi bazasının yaradılması nəzərdə tutulub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “APA-ECONOMICS”ə verilən məlumata görə, hazırda artıq layihənin hüquqi bazasının yaradılması istiqamətində işlər başa çatıb və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib.
Bu sistem vasitəsilə həm ölkəyə kənardan gətirilən, həm də daxildə mövcud olan mobil telefonlar qeydiyyata salınaraq nəzarətdə saxlanacaq. Layihə Nazirlər Kabinetinin tapşırığına əsasən, RİTN və Dövlət Gömrük Komitəsi də daxil olmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə hazırlanıb.
Növbəti mərhələdə texniki tədbirlər görüləcək, mərkəzi bazanın yaradılması ilə bağlı bütün işlər başa çatdırılacaq. Layihənin əsas məqsədi telefon oğurluğu ilə bağlı cinayətlərin qarşısını almaqdır. Belə ki, telefonların IMEI kodları götürülərək şəbəkəyə daxil olunacaq. Gələcəkdə alınan telefonlar artıq gömrükdən keçən zaman şəbəkəyə daxil olunacaqlar və telefon itdiyi və ya oğurlandığı zaman həmin mərkəzi bazaya daxil olunur. Telefonun sahibində olmadığı və ya hər hansı cinayətdə işlədilməsi zamanı həmin telefon bağlanır və lazımsız bir əşyaya çevrilərək istifadəsi mümkün olmur.
Hazırda ölkəyə gətirilən mobil telefonlar gömrük sistemi vasitəsilə qeydiyyata alınır və oğurlanan telefonların aşkar olunması mümkündür. Lakin ayrı-ayrı illərdə və müxtəlif ölkələrdən mobil telefonların gətirilməsi bu sahədə vahid sistemin yaradılmasını və bu işi tam formada həyata keçirməyi zəruri edir.
Qeyd edək ki, mobil telefonların qeydiyyatı ilə bağlı məlumatların toplanacağı mərkəzi bazaya əlaqədar dövlət qurumları da qoşula biləcək. Azərbaycanda belə bir baza yaradılarsa, qonşu ölkələrlə qurulan əlaqələr sayəsində oğurluq mobil telefonların başqa ölkələrdə istifadəsi və ya satılması da mümkün olmayacaq. Çünki analoji şəbəkə Avropa ölkələrində, Türkiyə, Rusiyada yaradılma ərəfəsindədir və bu sistemlərlə əlaqələrin yaradılması, gələcəkdə bir ölkədə oğurlanmış telefonun digər ölkədə istifadə oluna bilməyəcəyi haqqında qarşılıqlı əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Yeni sistem işə düşdükdən sonra ölkəyə gələn əcnəbi vətəndaşların mobil telefonları da müəyyən olunmuş müddətdən sonra qeydiyyata alınacaq. Bu, 15 gün və ya iki ay ola bilər. Ezamiyyət və istirahətə gələnlər rouminqlə telefonunu istifadə edəcək və avtomatik qeydiyyatda qonaq rejimində qeyd olunacaq. Müddət bitdikdən sonra telefon haqda məlumat bazaya daxil edilənə kimi bağlanacaq. Sistemin yaradılması üzrə işləri “Rcom” şirkəti həyata keçirir. APA
DOSTLARINLA PAYLAŞ: