Bankomatın yaradıcısı öldü
20 May 2010 Cümə Axşamı 01:40
60-cı illərdə qeyri-iş saatında pulsuz qalan Con Şepard Barron sutkanın bütün saatlarında nağd pul əldə etməyə imkan verən aparatı yaradıb.
Şotlandiyada bankomatın (Automated Teller Machine - ATM) yaradılması ilə məşhurlaşan ixtiraçı Con Şepard Barron 84 yaşında dünyasını dəyişib. O, ölkənin şimalında xəstəxanada mayın 15-də vəfat etsə də, ixtiraçının ölümü barədə məlumat hələ indi açıqlanıb. Con Şepard Barronun təbii səbəblərdən öldüyü bildirilir.
Con Şepard-Barron dünyanın ən böyük qiymətli kağızlar istehsalçılarından biri olan Böyük Britaniyanın “De La Rue” şirkəti ilə işləyib. 1960-cı illərin ortalarında o sutkanın istənilən vaxtında kağız pulları almağa imkan verən aparatın ideyasını tapıb. İxtiraçının özünün sözlərinə görə, belə bir aparatın yaradılması ideyası onda günlərin birində qeyri-iş saatında banka gəldikdə pulsuz qalmasından sonra əmələ gəlib.
27 iyun 1967-ci ildə Londonun şimalında “Barclays” bankının şöbəsində bütün sutkanı işləyən ilk bankomat quraşdırılıb. Onun iş prinsipi müasir bankomat modellərindən fərqlənib: pul çıxarılması üçün əvvəlcədən bankdan verilən adlı vauçerlərdən istifadə olunurdu.
Sonradan başqa bir şotlandiyalı-Cim Qudfellou Şepard-Barronun ixtirasını müasirləşdirib. O, hesablara icazəsiz daxil olmağı əngələyən fərdi identifikasiya kodunu (PİN-kod) hazırlayıb. Bir neçə il sonra isə ABŞ-da ilk plastik kartlardan istifadə olunmaqla bankomatın işi müasir şəkil alıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: