Bakıda ingilis taksilərinin təqdimatı keçirilir
06 İyun 2011 Bazar Ertəsi 16:44
TX 4 modeli yalnız taksi kimi istifadə olunmaq üçün nəzərdə tutulub
Artıq çoxdan bəri yolunu gözlədiyimiz İngiltərə taksiləri Bakıya gətirilib. Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” departamentinin xidmət rəisi Rauf Orucovun ANS PRESS-ə verdiyi məlumata görə, artıq Bakıya 100 ədəd bənövşəyi rəngli “TX 4” model taksi gətirilib. Daha 900 ədəd taksi bu ilin sonunda gətiriləcək.
“Bakıya gətirilən taksilər artıq Azadlıq meydanındadır. Hazırda həmin avtomobillərin təqdimat mərasimi keçirilir. Artıq sürücülər üçün təşkil olunan kurslar da yekunlaşıb. Kursu 100 nəfər sürücü müvəffəqiyyətlə bitirib. Tədbirin sonunda yeni gətirilən taksilər həmin sürücülərə paylanacaq”, - deyə Rauf Orucov vurğulayıb.
Qeyd edək ki, “London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi kimi istifadə olunmaq üçün nəzərdə tutulub və Avro-4 standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobil 5 sərnişin üçün nəzərdə tutulub. Avtomobilin yük yeri onun qabaq hissəsindədir. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Yeni taksilərdə taksometrlər də quraşdırılıb. Sərnişinlər bu avtomobillərdə getdikləri hər 1 kilometr üçün 70 qəpik ödəyəcək.
DOSTLARINLA PAYLAŞ: