Bakıda AutoShow sərgisi keçiriləcək
09 Mart 2011 Çərşənbə 21:06
Bakıda AutoShow sərgisi keçiriləcək. Avtomobil həvəskarlarının çoxdan gözlədiyi hadisə martın 16-da baş verəcək.
Azərbaycanda avtomobil həvəskarlarının çoxdan gözlədiyi bir hadisə - “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi martın 16-da öz qapılarını avtosevərlərin üzünə açacaq. Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək. “Iteca Caspian LLC” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. “İteca”dan ANS PRESS-ə verilən məlumata görə, artıq 5 ildir ki, sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir.

Bu il sərgi öz adi təşkilat formatını dəyişəcək. “AutoShow 2011” sərgisində 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Hazırda “AutoShow” sərgisinin iştirakçılarının siyahısına 14 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Belarus Respublikası, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiyadan olan şirkətlər daxildir. Bu il “AutoShow” sərgisində minik nəqliyyatı, kommersiya nəqliyyatı, bütün növ nəqliyyat vasitələri üçün ehtiyat hissələri və aksessuarlar kimi üç iri sektor təşkil olunacaq. Belə bir həll variantı sayəsində avtomobil bazarı sənayenin tələblərinə mümkün qədər dəqiq cavab verən sərgidən faydalana biləcək.

“Bakı Ekspo” mərkəzində keçirilən “AutoShow” sərgisinin minik sektoru çərçivəsində avtomobil istehsalı sektorunun “Nissan”, “Infiniti”, “Audi”, “Hyundai”, “Jaguar”, “Land Rover”, “Skoda”, “Volkswagen” və s. bu kimi dünya istehsalçılarının distribütorları bir araya gələcək. Bu ilki sərginin debütantı isə yerli avtomobil istehsalçı Naxçıvan Avtomobil Zavodu olacaq. İran şirkəti isə “Saipa” markalı avtomobili nümayiş etdirəcək.

Kommersiya tipli nəqliyyat sektorunda rahat sərnişin avtobusları, yedəkçilər, özüboşaldanlar və müxtəlif növ məhsulların daşınması üçün yarımqoşqular nümayiş etdiriləcək.

Sərgidə əhəmiyyətli yeri isə avto-ehtiyat hissələri bölməsi tutacaq. Burada avtomobil yağları, filtrlər, avtokosmetika və avtomobil kimyasının digər məhsulları üzrə ən aparıcı ticarət nişanları təqdim olunacaq. Qaraj-servis avadanlıqları sahəsində ixtisaslaşmış Rusiya şirkətləri də bu ilki sərginin debütantları qismində çıxış edəcəklər. Bundan əlavə, ilk dəfə olaraq, Kanada istehsalçıları sərgidə öz inovasiyalı məhsullarının - təhlükəsizliyin, habelə avtomobillər və digər obyektlərin şüşələrinin möhkəmliyinin yüksəldilməsi üçün nəzərdə tutulmuş, eləcə də zərbə, güclü külək, güllə, partlayış və yanğından müdafiəni təmin edən zirehli laminatın təqdimatı ilə çıxış edəcəklər.

Beləliklə, 4 gün ərzində sərgi müxtəlif markalı avtomobilləri potensial alıcılara nümayiş etdirmək və dünyanın avtomobil sənayesinin tendensiyaları ilə tanış olmaq imkanını yaratmaqla yanaşı, yaxın zamanda bizim gündəlik həyatımıza daxil olaraq perspektiv texnologiyaları da nümayiş etdirəcəkdir və əhalinin nəqliyyat rahatlıq şəraitinin yaxşılaşdırmasında rol oynayacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar