Azərenerji saytı tamamilə yenilənib
03 Noyabr 2011 Cümə Axşamı 22:55
Cəmiyyətin rəsmi internet səhifəsi yeni ünvanda istifadəçilərin ixtiyarına verilib.
“Azərenerji” ASC-nin rəsmi internet səhifəsi yeni - www.azerenerji.gov.az ünvanında istifadəçilərin ixtiyarına verilib. Səhmdar cəmiyyətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhifənin dizaynının və strukturunun yenilənməsində məqsəd ictimaiyyətin “Azərenerji”nin fəaliyyəti barədə daha ətraflı məlumatlandırılmasını təmin etməkdir. Xatırladaq ki, indiyədək qurumun rəsmi internet səhifəsi www.azerenerji.com ünvanında yerləşirdi.

Yenilənmiş səhifənin məzmununda bir sıra dəyişiklik edilib. Saytın “Azərenerji” bölməsində SC-nin tarixi, sosial fəaliyyəti, ekoloji və keyfiyyət üzrə siyasəti, qanunvericilik, təhsil və karyera məsələləri haqqında müfəssəl məlumatlar yerləşdirilib.

“Enerji və biznes” bölməsində generasiya gücləri, elektrik enerjisinin ötürülməsi sistemində həyata keçirilmiş layihələr, SCADA/EMS sistemi haqqında ümumi məlumat verilir. Eyni zamanda, bu bölmədə SC-nin vəzifəli şəxslərinin qəbul günlərinin və saatlarının cədvəli ilə tanış olmaq mümkündür ki, bu da istifadəçilərə əlavə vaxt sərf etmədən müvafiq rəhbər işçilərin qəbulu barədə məlumat almaq və ya qəbula gəlmək imkanı yaradır.

“Media” bölməsində SC-nin fəaliyyətinə dair hesabatlar və son statistik məlumatlar yerləşdirilib. Eyni zamanda, internet səhifəsində SC-nin təsisçiliyi ilə nəşr edilən həftəlik “Azərbaycan işıqları” qəzetinin PDF formatında electron versiyası yerləşdirilib. İstifadəçilər burada qəzetin hər yeni buraxılışı ilə yaxından tanış ola, onları maraqlandıran materialları oxuya bilərlər.

Yeri gəlmişkən, saytın “Abunəçilər üçün” bölməsində yerləşdirilmiş “Qaynar xətt” yarımbölməsinə daxil olan istifadəçi öz şikayətini elektron formada SC-yə ünvanlaya bilər. “Bizdən soruşurlar” yarımbölməsinə isə istifadəçinin əlavə vaxt sərf etmədən onu maraqlandıran suallara cavab alması imkanı var.

Onu da qeyd edək ki, “Ana səhıfə”də internet istifadəçiləri energetika obyektlərinin fotoşəkilləri, gündəlik xəbərlər, səhifənin bölmələrinin anonsları ilə tanış ola, həmçinin Kütləvi ödənişlər üzrə mərkəşləşdirilmiş informasiya sistemi – KÖMİS vasitəsilə enerji haqlarını onlayn rejimdə ödəyə bilərlər.

“Azərenerji” ASC-nin rəsmi internet səhifəsi Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar