
22 iyul 2009-cu il tarixdə saat 00.00-dan etibarən “Azercell Telecom” və “Azerfon” arasında əlaqə kəsiləcək. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə məlumat “Azercell”in rəsmi saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, Azərbaycanın mobil rabitə operatorları “Azercell” və “Azerfon” arasında 28 fevral 2007-ci il tarixində imzalanan arabağlantı müqaviləsi üzrə aylıq ödəmə şərtləri “Azerfon” tərəfindən mütəmadi olaraq pozulub. Nəticədə 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon”un “Azercell” qarşısında ümumilikdə təqribən 11 milyon manat arabağlantı borcu yaranıb.
“Dəfələrlə etdiyimiz rəsmi müraciətlərə baxmayaraq, borcun ödənilməsi istiqamətində qarşı tərəfdən heç bir addım atılmadığına görə şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul 2009-cu il tarixdə saat 00.00-dan etibarən kəsiləcək. Hər iki operator abunəçiləri arasında mobil rabitə əlaqələri zamanı ortaya çıxacaq maneələrə görə “Azerfon” məsuliyyət daşıyacaq”, - deyə məlumatda bildirilir. /ANS PRESS/