Azercell Naxçıvan Dövlət Universitetində 4G şəbəkəsini qurub
02 Dekabr 2011 Cümə 18:49
4G şəbəkəsinin köməyilə 4 000-dən artıq tələbə innovativ mobil texnologiyalardan faydalana biləcək.
“Azercell Telekom” MMC şirkətinin prezidenti Ali Ağan Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov ilə görüşüb. Daha sonra Naxçıvan Dövlət Universitetinə 4G sınaqları layihəsinin açılışı münasibətilə gedib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hər zaman gənc nəslin bilgilərinin inkişafına istiqamətlənən layihələrlə çıxış edən “Azercell Telekom” MMC bu dəfə Naxçıvan Dövlət Universitetinin tələbələri üçün innovativ layihə təqdim edib.
Mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən bu layihənin köməyilə ümumi ərazisi 108 hektar olan universitetdə 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı deməkdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli hər iki şirkətə bu layihənin həyata keçirilməsinə görə minnətdarlığını bildirib, bu cür layihələrin köməyi ilə Azərbaycan gənclərinin son texnoloji yeniliklərlə ayaqlaşa bilmələrindən böyük məmnunluq duyduğunu söyləyib.
Daha sonra “Azercell Telekom” MMC şirkətinin prezidenti Ali Ağan çıxış edərək şirkətin həyata keçirdiyi yeniliklərdən geniş məlumat verib: “4G texnologiyasının imkanlarından yararlanmaq tələbələrimizə müxtəlif bilgilərə daha asan yiyələnmə imkanlarının olması deməkdir. Siz - tələbələr müxtəlif bilgilərdən yararlanaraq nə qədər irəli addımlamış olsanız, təhsil aldığınız universiteti və Azərbaycanı da bir o qədər irəli aparmış olacaqsınız” deyən Ali Ağan layihənin gerçəkləşməsi üçün əməyi keçmiş bütün qurumlara öz təşəkkürünü bildirib.
Daha sonra ZTE şirkətinin 4G sınaq layihəsinin rəhbəri Hasan Gökhan tədbir iştirakçılarına 4G texnologiyasının imkanlarını nümayiş etdirib. Burada böyük həcmli datanın 80 Mbit/s sürətilə ötürülməsi nümayiş olunub və bunun nəticəsində HD formatında videoçarx onlayn rejimdə izlənilib.
Tədbirdə həmçinin ZTE şirkətinin Azərbaycan üzrə Regional Direktoru Şi Fang Gang, “Azercell” şirkətinin İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru Xavər Babazadə və bir ıra başqa səlahiyyətli nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. “Azercell” şirkəti hər zaman gənc nəslin maariflənməsində öz töhfəsini göstərməyə çalışmış və artıq Bakının ən qabaqcıl təhsil ocaqlarından biri olan Qafqaz Universitetində tələbələrin informasiya texnologiyaları sahəsində savadının artırılması məqsədilə 3G laboratoriyasını təşkil edib. Naxçıvan Dövlət Universitetində təşkil olunmuş bu layihə “Azercell”in bu sahədə həyata keçirdiyi silsilə layihələrə daha bir nümunədir.
DOSTLARINLA PAYLAŞ: