Azərbaycanda daxil olan internet trafikin orta sürəti açıqlanıb
08 Yanvar 2012 Bazar 03:35
Ölkəmiz bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.
“Ookla” şirkətinin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir. Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.
Bakı və Sumqayıt üzrə bu göstərici müvafiq olaraq 2,83 və 2,99 Mbit/s təşkil edir.
Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187 min 578 unikal IP (İnternet Protocol) ünvan seçilib.
Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s (“Eurosel” şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s (“Datacell”) olub.
Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulublar. Bakı və Sumqayıt üzrə bu göstərici müvafiq olaraq 0,98 və 1,26 Mbit/s təşkil edib.
Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət provayderləri və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,37 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb.
DOSTLARINLA PAYLAŞ: