Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları kollegiya iclası keçirilib
16 Aprel 2011 Şənbə 14:16
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2011-ci ilin I rübünün yekunlarına dair kollegiya iclası keçirilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İKT-nin böyük kommersiya əhəmiyyəti daşıdığını, sektorun yeni gəlir mənbəyinə çevrildiyini və gələcəkdə bu sahədə əldə olunacaq gəlirlərin Azərbaycan iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.
Tədbirdə həmçinin qeyd olunub ki, cari ilin I rübündə İKT sektorunda artım tempi 24,7%, o cümlədən telekommunikasiya sektorunda 19,2%, İT sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə olub: «Eyni zamanda İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib».
Bununla yanaşı, tədbirdə bildirilib ki, hesabat dövründə ölkədə mobil telefon abunəçilərinin sayı 1 9 446,4 min nəfər, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı isə 50-yə bərabər olub.
Kollegiya iclasının sonunda Ə.Abbasov qəbul olunmuş Dövlət Proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, Azərbaycan və eynizamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək «Trans-Avrasiya Super İnformasiya Magistralı», «e-hökumət» layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, Regional İnformasiya Xidmət Mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması, bundan başqa, əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün tapşırıqlar verib. APA
DOSTLARINLA PAYLAŞ: