Azərbaycan milli peykinin istehsalçı şirkəti ilə müqavilə imzalanıb
27 May 2010 Cümə Axşamı 15:30
Bu, “AzərSat”la bağlı əsas müqavilədir.
Bu gün Bakıda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı əsas müqavilə imzalanıb. Müqaviləni RİTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov və “Orbital Sciences Corporation” şirkətinin vitse-prezidenti Maykl Larkin imzalayıb.
Qeyd edək ki, ilk Azərbaycan Geostasionar Kosmik Telekommunikasiya peykinin 2012-ci ildə orbitə çıxarılması planlaşdırılır. Bu layihənin ümumi dəyəri təxminən 160 milyon dollardır ki, bunun 86-87 milyon dolları birbaşa peykin istehsalına, 16 milyon dolları əsas və köməkçi idarəedici sistemin yaradılmasına, 40 milyon dolları raketdaşıyıcı vasitəsilə orbitə çıxarılması üzrə işlərə, 18 milyon dolları isə sığorta xidmətlərinə yönəldiləcək.
Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20 faizdən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Belə ki, peykin imkanlarının 40 faizi artıq Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.
Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış “Silk Sat” proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur.
Xatırladaq ki, layihə Azərbaycan prezidentinin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: