Azərbaycan aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması ilə bağlı müzakirələr apa
27 Dekabr 2011 Çərşənbə Axşamı 17:50
Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti, ikinci iclası keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Şuranın sədri Arif Paşayev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezidentin yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, «Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Cahangir Əsgərov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, «Azərkosmos» ASC-nin sədri Rəşad Nəbiyev və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

İclasda Kosmik Məsələlər üzrə Şuranın nəzdində müxtəlif nazirlik və komitələrin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrupunun sədri və üzvləri seçilib.

Şuranın iclasında Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq, ilk telekommunikasiya peykinin hazırlanmasının icra vəziyyəti, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin tikintisi və kadr hazırlığı istiqamətində aparılan işlər barədə məruzə dinlənilib.

İclasda həmçinin Azərbaycanda aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması mövzusunda müzakirələr aparılıb. A.Paşayev məsafədən zondlama peyklərinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu istiqamətdə aparılan işlərə dair tövsiyələrini verib.

Qeyd edək ki, «Azərkosmos» ASC-nin təsis edilməsi haqqında» Azərbaycan prezidentinin 2010-cu il 3 may tarixli sərəncamında ölkədə kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək, eyni zamanda, sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə Şura yaradılıb.

Xatırladaq ki, Kosmik Məsələlər üzrə Şuranın ilk iclası iyul ayında keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar