Avtomobillərimiz spirt içəcək?
24 İyul 2012 Çərşənbə Axşamı 11:36
Bu suala ilin sonuna kimi aydınlıq gələcək.
“Yaxın 20 - 25 il ərzində dünyada ən çox işəldilən avtomobil yanacağı metanol olacaq. Həm ekoloji cəhətdən, həm də iqtisadi cəhətdən sərfəlidir. Çünki metanola benzindən iki dəfə az vəsait xərclənir”,- bunu ANS PRESS-ə Bakının Qaradağ rayonunda tikilən metanol zavodunun layihə rəhbərinin müavini Nahid Abbaszadə bildirir. O, 2009-cu ildə Bakıda avtomobillərdə metanolun istifadəsi üzrə apardıqları sınaqları xatırlayır: “Ukraynadan və dünyanın başqa yerlərindən gəlmiş mütəxəssislər aşkara çıxardı ki, benzin avtomobilə nə qədər sürət verirsə, metanol 3,6 dəfə artıq sürət verir. Əgər 1,6 litr həcmli motorda benzin 100-ə kimi sürəti 8-9 saniyəyə yığırsa, metanolla həmin sürət 4,5 saniyəyə yığılır”. Metanol ekoloji cəhətdən daha sərfəlidir - benzinə nisbətən iki dəfə az oksigen sərf edir və havaya atılan zəhərli maddələr 50 faiz azalır.

Bütün bu cəhətlərinə görə, metanol XXI əsrin yanacağı sayılır və “AzMeCo” şirkətinin Bakıda belə bir zavod tikmək istəyi də bununla bağlıdır. “AzMeCo”nun müəssisəsi həm də metanol istehsalında xammal kimi təbii qazdan istifadə edəcək. Bu, metanol istehsalının ən modern üsuludur. Klassik üsulda isə metanol əsasən bərk karbohidrogenlərin qapalı yerdə hidrolizi vasitəsi ilə əldə edilirdi. Yəni odun, bitki qalıqları, kömür və s. qapalı yerdə isladılaraq temperatur və təzyiq altında qaza çevrilirdi. Əldə edilən edilən qazdan isə katalizator vasitəsi ilə metanol alınırdı. Elə ilk dəfə 1661-ci ildə təmiz metanol almış Robert Boyl da havasız mühitdə saxladığı oduna quru qovma üsulu tətbiq edib. Nəticədə, o, əldə etdiyi yeni maddəyə ağac spirti adı verib. Metanol sözü də yunanca “methu” (çaxır) və “hyle” (odun) sözlərinin birləşməsindən yaranıb. Sənaye üsuluna qədər metanol bu yolla alınıb. 1923-cü ildə isə alman kimyaçısı Matias Pyer 300 atmosfer təzyiqdən, 400 dərəcə Selsi temperaturdan və sink-xrom əsaslı katalizatorlardan istifadə etməklə sənaye üsülü ilə kömürdən metanol alınmasının əsasını qoyub. Çağdaş üsullar vasitəsi ilə təzyiqi və temperaturu bir neçə dəfə aşağı salmaq mümkün olub.

Hazırda dünyada kömürdən, bitkiçilik, heyvandarlıq və hətta bələdiyyə tullantılarından metanol isthesalı müəssisələri olsa da, ən geniş yayılmış sənaye üsulunun əsasında təbii qaz durur. Bu üsulda qaz havasız mühitdə qızdırılır və dəm qazı alınır, daha sonra sudan istifadə edilməklə katalizatorun köməyi ilə metanol əldə edilir. Təbii ki, prosesdə istehsal maddəsi bir neçə dəfə lazımsız qatışıqlardan təmizlənir, ən son maddə soyudularaq maye halına salınır və qablaşdırılır. İstehsal prosesində qızdırıcı kimi qazın özünün istifadə edilməsi də təbii qazı metanol üçün xammal kimi əlverişli edir, yəni bu üsul elə də baha başa gəlmir. Araşdırmalara görə, təbii qazdan metanol alınmasına çəkilən xərclər neftdən benzininin ayrılmasına çəkilən xərclərdən daha aşağıdır. Bu, metanolu Azərbaycanın gələcəyi üçün çox perspektivli edir. Çünki hesablamalara görə, Azərbaycanda əsas neft ehtiyatları 30 ildən sonra tükənəcək, Azərbaycanın qaz ehtiyatları isə tükənməz sayılır və ölkədə iri miqyaslı qaz hasilatı 100 illərlə davam edəcək.

Beləliklə, Azərbaycanda metanol texnologiyasının inkişafı gələcəkdə - neft ehtiyatları tükəndikdən sonra da ölkənin avtomobil yanacağına olan tələbatını yerli resurlar ilə təmin etmək mümkün olacaq. Həm də ki, metanol ən yüksək ekoloji standarta uyğun yanacaq sayılır və təsadüfi deyil ki, ABŞ-da kömür əsasında alınmış metanolun – “metakol”un hətta evləri qızdırmaq üçün mazut əvəzinə işlədilməsi tövsiyyə edilir. Çünki metanol demək olar ki, qarışıqsız yanır və havaya yalnız karbon qazı və su buxarları atılır. Avtomobil yanacağı kimi də metanol benzindən yüksək sayılır və benzinin oktan ədədi 81-dən 89-a qədər dəyişdiyi halda, metanolda bu, 92-dir. Təsadüfi deyil ki, metanolun bu xüsusiyyəti onu yarış avtomobillərinin əsas yanacağına çevirib. ABŞ-ın “Green Building Elements” saytının direktoru Qlenn Meyers məhz bu xüsusiyyətinə görə, metanolu alternativ yanacaqlar siyahısında ən yuxarı sıraya yerləşdirir: "Metanol birbaşa yanacaq kimi və ya benzinlə qarışdırılaraq dizel yanacağı əvəzinə işlədilə bilər". Hazırda ABŞ-da bütün maşınlar üçün istənilən benzinə 3%-ə qədər metanol qarışdırmağa icazə verilir, çünki oktan ədədini qaldırır. Eyni zamanda 1980-ci illərin ortalarından başlayaraq, həm metanol, həm də adi benzillə işləyən mühərriklərin istehsalına başlanıb. Metanolun istifadəsi sahəsində ən böyük irəliləmə isə Çində edilib, bu ölkənin nəqliyyat sektorunda hər il 1 milyard qallondan çox metanol işlədilir. Bu ilin əvvəlindən isə Çinin üç əyalətində ictimai nəqliyyatı tamamilə metanola keçirmək barədə qərar qəbul edilib. Burada da əsas amil kimi metanolun istifadəsinin yüksək ekoloji göstəricilərə malik olması götürülür.
“AzMeCo” təmsilçisi Nahid Abbaszadənin dediyinə görə, Bakıda istehsal ediləcək metanol da ən yüksək ekoloji standartlara uyğun gələcək. Lakin buna baxmayaraq zavodun məhsulları əsasən xaricə satılacaq və ilk dövrlərdə yerli avtomobillərdə yanacaq kimi işlədilməsi nəzərdə tutulmur. Hələ ki, Azərbaycanın avtomobilləri də dünyanın əksər avtombilləri kimi metanol işlətməyə hazır deyil. Çünki metanol yanacağı hazırda kütləvi istehsalda olan avtomobillər üçün bir sıra problemlər yaradır. Məsələn, metanol alüminiumu aşındırır ki, bu da alüminium elementlərin fəaliyyətdə olduğu injektor və karbürator sistemləri üçün problem yaradır. Həm də ətraf mühitin temperaturu 10 Selsi dərəcədən aşağı düşəndə mühərrikin işə düşməsi ilə bağlı problem yarana bilər. Yəni mühərrikin işə düşməsi daha çox yanacaq sərf edir.

Amma bu problemin də həlli var və metanola 10-25% benzin qatan zaman məsələ avtomatik olaraq həll edilir. Bu, benzindən su qarışığının tam təmizlənməsini yüksək texnologiyadır, azacıq su qarışığı məhlulun komponentlərə ayrılmasına səbəb olur. Hazırda Amerikada M-85 markalı metanol-benzin qarışıqlı avtomobil yanacağı müəyyən qədər istehsal edilir ki, onun da tərkibində metanol 85 faiz təşkil edir. Amma bu yanacaq əsasən yarış avtomobillərinə tökülür. 1980-ci illərin ortalarından ABŞ-da həm metanolla, həm də benzinl işləyən avtomobillər istehsalı üzrə layihələr gerçəkləşdirilsə də, bu, geniş təbiqini tapa bilməyib.

Buna görə Bakıda tikilən zavodun məhsulu da əsasən metanolun digər istehsal sahələrinə yönəldiləcək. Qeyd edək ki, metanol üzvi kimya sənayesində həlledici kimi geniş işlədilir, formaldehid, formalin, qarışqa turşusu və bir sıra efirlər, həmçinin izopren istehsalında istifadə edilir. Hazırda dünya üzrə metanol istehsalı 50 milyon ton ətrafında dəyişir və bu rəqəm ildən ilə artır. Məsələn,1980-ci illərdə bu göstərici 15 milyon tonun ətrafında dəyşib. Bu baxımdan “AzMeCo”nun zavodunun istehsal gücünü yetərincə əhəmiyyətli saymaq olar. 2012-ci ilin sonlarına kimi zavod məhsul buraxılışına başalayacaq və 2013-cü ilin iyul-avqust aylarına illik istehsal 560 min ton layihə gücünə çıxarılacaq. Sonrakı ilin dekabr ayına isə zavodun istehsal gücü 720 min tona çıxarılacaq. Layihənin dəyəri $380 mln. qiymətləndirilir. İlkin mərhələdə məhsulun 90%-nin xarici bazarda və 10%-nin daxili bazarda satılması planlaşdırılır.

Nahid Abbaszadənin dediyinə görə, ilkin mərhələdə zavodun məhsulları Avropada satılacaq. Metanol xüsusi vaqonlarla Gürcüstanın Poti şəhərinə aparılacaq, zavodun orada terminalı var və hazırda obyektdə çənlər tikilir. Amma “AzMeCo” təmsilçisinin sözlərinə görə, şirkət Türkiyə bazarını da çox maraqlı sayır və Qars-Axalkalaki dəmir yolunun açılması ilə də bu bazara böyük diqqət yetiriləcək: “Biz araşdırmışıq: Türkiyənin metanola olan tələbi 650 min tondur”,- deyə Nahid Abbaszadə bildirir.
Lakin “AzMeCo” təmsilçisi gələcəkdə məhsulun çoxunu Azərbaycanda satacaqlarına ümid edir: “Biz “Avro-6” standartlarına uyğun yanacaq istehsal edirik. Niyə belə ekoloji təmiz yanacağı öz ölkəmizdə istifadə etməyək? Ümid edirəm ki, gələcəkdə avtomobil parkımızda metanolla işləyə bilən maşınlar üstünlük təşkil edəcək”.

Qeyd edək ki, dünyanın ikinci iqtisadiyyatı Çində aparılan son elmi tədqiqatlar “AzMeCo” təmsilçisinin arzularının çin olacağını düşünməyə imkan verir. Bu ölkədə artıq müxtəlif markalı avtomobillərin metanolla işləməsi üzrə sınaqlar aparılır. Bu avtomobillərin Çin mallarının dolu olduğu bazarımıza ayaq açması, yəqin ki, tezliklə baş verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar