AtaHoldinq Sloveniya şirkəti ilə İT sahəsində əməkdaşlıq edəcək
03 Avqust 2011 Çərşənbə 23:23
"AtaTexnologiya" MMC və "Adacta" şirkəti arasında əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.
"AtaHoldinq" ASC İdarə Heyətinin sədri Fərid Əsədov və "AtaTexnologiya" MMC-nin direktoru Mais Yusifov Sloveniyanın informasiya texnologiyaları (İT) üzrə ixtisaslaşmış "Adacta" şirkətinin baş direktoru Tomas Volk ilə görüş keçirib. Holdinqin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda "AtaHoldinq" ASC-nin baş ofisində keçirilən görüşdə Azərbaycanda İT bazarının araşdırılması, bu sferanın inkişafı, "AtaTexnologiya" MMC və "Adacta" şirkətləri arasında əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.
Bəlli olduğu kimi, ölkəmizdə İT sahəsinin inkişafına xüsusi onəm verilir və gələcəkdə bu sahədən əldə ediləcək gəlirlərin digər sahələrdən əldə edilən gəlirləri üstələyəcəyi proqnozlaşdırılır. Bu baxımdan hazırda İT sahəsinin, xüsusilə, yerli IT şirkətlərinin inkişafına, bu sahədə xarici təcrübənin və yeni bazarların öyrənilməsinə böyük ehtiyac duyulur.
"Adacta" şirkəti 1989-cu ildə Lyublyana şəhərində fəaliyyətə başlayıb. Şirkət biznes-konsaltinq, həyat və əmlak sığortası və digər sahələrdə tətbiq edilə biləcək "Microsoft Dynamics NAV", "Microsoft Dynamics AX", "Microsoft Dynamics CRM" kimi proqram təminatlarını və onların texniki dəstəyini təklif edir. "Adacta" şirkəti qabaqcıl ticarət və istehsal şirkətləri, firmaları, dövlət idarələri, sığorta şirkətləri, banklar, investisiya və maliyyə xidmətləri göstərən şirkətlərlə əməkdaşlıq edir. Hazırda şirkətin Sloveniya, Serbiya, Xorvatiya və İtaliyada filialları fəaliyyət göstərir.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyətə başlamış "AtaHoldinq" ASC-nin nizamnamə kapitalı 83,9 milyon manat təşkil edir. İnvestisiyalar əsasən maliyyə, İT, sənaye, xidmət və turizm sahələrinə yönəldilib. "AtaHoldinq" ASC-nin maliyyə sektorunda "AtaBank" ASC, "AtaSığorta" ASC, "AtaLizinq" ASC, "VTB Bank Azərbaycan" ASC, turizm sektorunda "AtaTurizm" MMC, İT sahəsində "AtaTexnologiya" MMC, sənaye sektorunda "AtaSənaye" şirkətləri fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: