54 yaşlı “Ferrari” 16,4 milyon dollara satıldı
23 Avqust 2011 Çərşənbə Axşamı 01:37
O, indiyədək auksionlarda satılmış ən bahalı avtomobildir
1957-ci il istehsalı olan “Ferrari Testa Rossa” avtomobili Kalforniyadakı auksionda 16,4 milyon dollara satılıb. 54 yaşlı maşın bununla indiyədək auksionlarda satılmış ən bahalı avtomobil titulunu qazanıb.

Kolleksiya avtomobillərinin sığortalanması üzrə ixtisaslaşmış “Hagerty Insurance” şirkətinin prezidenti MakKil Hacerti bildirib ki, 16,4 milyon dollar o deməkdir ki, “Ferrari” bazarında çox ciddi rəqabət mövcuddur və kolleksiyaçılar kolleksiyalarının mərkəzi eksponatı kimi daha nəfis avtomobil əldə etmək istəyirlər.

Şirkət prezidenti onu da bildirib ki, “Ferrari Testa Rossa” rekord həddə yüksək qiymətə satılsa da, 16,4 milyon dollar maksimal qiymət deyil. Onun sözlərinə görə, bu avtomobil naməlum kolleksiyaçının ödədiyi məbləğdən də yüksək qiymətə satıla bilər.

Satıcının və avtomobilin yeni sahibinin adı açıqlanmır. Bircə şey məlumdur ki, maşının əvvəlki sahibi İtaliya avtomobillərinə böyük marağı olan məşhur kolleksiyaçıdır.

“Ferrari 250 Testa Ross” “Testa Rossa” seriyasından olan avtomobillərin birincisidir və bütün sonrakı avtomobillərin prototipidir. Maşının gücü 300 at gücü ilə hesablanır, V şəkilli 12 silindrli mühərrikə, dördpilləli ötürücü qutuya malikdir.

Əvvəlki rekord da “Ferrari Testa Rossa” avtomobilinə ail idi. Bu avtomobil 2009-cu ildə İtaliyadakı auksionda 12 milyon dollara satılmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar