3G sistemindən istifadə edənlər seçkini izləyə biləcəklər
21 Dekabr 2009 Bazar Ertəsi 16:05
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib
Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkisini izləmək üçün quraşdırılmış veb-kameraların texniki mərkəzinə baxış keçirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov veb-kameraların işinə nəzarət edəcək şəbəkənin quraşdırıldığı 41 saylı ATS-ə baş çəkiblər.

Onlar veb-kameraların hazırkı vəziyyəti, iş prinsipi ilə maraqlanıblar. ATS rəhbərliyi bildirib ki, quraşdırılmış 500 kameradan 189-u Bakıda, 25-i Naxçıvanda, 286-sı isə Abşeron və ölkənin digər 37 rayonunda yerləşən seçki məntəqələrindədir.

M.Pənahov deyib ki, arzu edən hər bir şəxs səsvermə günü veb-kameralar quraşdırılmış seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən sonadək izləmək imkanı əldə edəcək.

Nazir Ə.Abbasov bildirib ki, yeni 3-G rabitə sistemindən istifadə edən abonentlər də mobil telefonlar vasitəsilə internetə daxil olub səsvermənin gedişini izləyə biləcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar