Ziya Məmmədov prezidentə hesabat verdi
06 Fevral 2014 Cümə Axşamı 11:47
Ziya Məmmədov: Yol-nəqliyyat kompleksi üzrə tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub.
"2009-2013-cü illərə dair qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilib. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilib, 47 körpü isə əsaslı təmir olunub".
ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədova Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı deyib:
"Abşeron iqtisadi rayonu üzrə 174 kilometr yol, 18 körpü, Gəncə-Qazax iqtisadi rayonu üzrə 626 kilometr yol, 21 körpü, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 206 kilometr yol, 34 körpü, Lənkəran iqtisadi rayonu üzrə 168 kilometr yol, 25 körpü tikilib və yenidən qurulub. Eyni zamanda Quba-Xaçmaz iqtisadi rayonu üzrə 293 kilometr yol, 30 körpü, Aran iqtisadi rayonu üzrə 1068 kilometr yol, 26 körpü, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 96 kilometr yol, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 386 kilometr yol və 10 körpü tikilib və yenidən qurulub.
Proqramın magistral avtomobil yollarının yenidən qurulması bölməsi üzrə Bakı–Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi, Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri davam etdirilib. Bakı–Hacıqabul-118 kilometr, Yevlax–Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı–Gəndob-132 kilometr və Ələt–Kürsəngi-30 kilometr avtomobil yolları 4 zolaqlı - birinci texniki dərəcəyə, Bakı–Şamaxı-118 kilometr və Hacıqabul – Bəhramtəpə istiqamətində 50 kilometr avtomobil yolları isə ikinci texniki dərəcəyə uyğun çəkilib. Beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işləri davam etdirilir.
Eyni zamanda, Qusar-Əniğ-Ləzə-39 kilometr, Şəki-Qax-35 kilometr, Qəbələ-Oğuz - 46 kilometr, Ağstafa-Poylu-Sadıxlı - 59 kilometr, Ağdaş-Ləki - 12 kilometr, Goran-Naftalan - 18 kilometr və digər yerli əhəmiyyətli avtomobil yolları da yenidən qurulub".
Nazir qeyd edib ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində və magistral yollarda 750-dən artıq avtobus dayanacağı quraşdırılıb:
"Proqrama uyğun olaraq, Bakı şəhərində yol şəbəkəsinin inkişafı məqsədilə 379 kilometr yol çəkilmiş, müxtəlif səviyyəli 40 yol qovşağı, körpü və tunel tikilmiş və yenidən qurulub. Vətəndaşların təhlükəsizliyini təmin edən 37 piyada keçidi inşa edilib.
Bakı şəhərində hərəkətin və nəqliyyat axınlarının idarə olunması, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Sistemi yaradılıb. Paytaxtda və bölgələrdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi üzrə tədbirlər həyata keçirilib.
Sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə kiçik tutumlu 4700 mikroavtobus, iri və orta tutumlu 2240 müasir sərnişin avtobusu ilə əvəz edilib. Bakı, Gəncə, Sumqayıt şəhərlərində və magistral yollarda 750-dən artıq avtobus dayanacağı quraşdırılıb, 130-a yaxın taksi dayanacağı yaradılıb. Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Qax, Quba, Yevlax, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar, Ucar və Tovuz avtovağzalları yenidən qurulub. Daşkəsən, Horadiz və Gəncədə isə yeni avtovağzalların tikintisi aparılır.
Regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə şəhərlərarası və rayonlararası xətlərdə marşrutların sayı 1,2 dəfə artıb. Eyni zamanda, Bakıdan və respublikanın digər şəhərlərindən qonşu ölkələrə 21 beynəlxalq marşrut üzrə 310 avtobus sərnişinlərə xidmət göstərir. Naxçıvan Muxtar Respublikası əhalisinin Bakı şəhərinə gediş-gəlişinin asanlaşdırılması üçün İran ərazisindən keçməklə avtobus marşrutu təşkil olunmuş və gündəlik olaraq 5 reys həyata keçirilir".
Ziya Məmmədov həmçinin bildirib ki, Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi bu il istismara hazır olacaq
"Regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaq. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.
Ümumilikdə 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş iki Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub. Ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub. Bundan əlavə, 400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunmuş, regionlarda yeni 4 hava limanı tikilib. 2 liman tam yenidən qurularaq istismara verilib, yeni hava gəmiləri alınıb. Bu dövr ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub, iri və orta tutumlu 2760 yeni avtobus, 1800 taksi vətəndaşlarımızın istifadəsinə verilib.Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub".
DOSTLARINLA PAYLAŞ: