Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdirilir
26 Dekabr 2011 Bazar Ertəsi 16:11
Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.
Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin forması və verilmə müddəti dəyişdiriləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər barədə sənəd parlamentin müzakirəsinə təqdim olunub.

Layihədə qeyd olunur ki, hər bir Azərbaycan vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətinə şəxsiyyət vəsiqəsi almalıdır.

Şəxsiyyət vəsiqəsi 10 il müddətinə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə veriləcək.

Layihədə şəxsiyyət vəsiqəsində göstərilən məlumatlarda dəyişiklik edilməsi də nəzərdə tutulur.

Belə ki, şəxsiyyət vəsiqəsində digər məlumatlarla yanaşı, şəxsin fərdi indentifikasiya nömrəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə uyğun fotoşəkli yerləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çip) yuxarıda qeyd olunan məlumatlarla bərabər, şəxs soyadını və adını dəyişibsə, əvvəlki soyadı və adı, vətəndaşın doğulduğu yer, ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın valideynlərinin adı və soyadı, vətəndaşın ərinin (arvadının) soyadı, adı, uşaqlarının adı, soyadı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları və s. məlumatlar daxil ediləcək.

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı atasının adı dəyişdikdə, şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı yararsız hala düşdükdə, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir.

Bu hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 ay müddətində şəxsiyyət vəsiqəsini verən orqana müraciət etməlidir.

Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə həmin vəsiqə təqdim edildiyi vaxtdan 1 gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirildikdə, səhv məlumatları daxil etmiş orqana vəsiqə təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəsifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqələrin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsində qanunun 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanunla 16 yaşı tamam olan vətəndaşlar şəxsiyyət vəsiqəsi alırlar. Həmçinin, vətəndaş 25, 35, 50 yaşlarında şəxsiyyət vəsiqəsini dəyişməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar