Fərdi ev tikmək arzusu ən qısa yolla necə gerçəkləşdirilə bilər?
28 Yanvar 2013 Bazar Ertəsi 11:15
Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi bir sıra bürokratik maneələrin aşılmasına səbəb ola bilər.
Bu ilin yanvar ayından Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minib. Digər rəsmi səndlərdən fərqli olaraq bu Məcəllə insanların həyatına birbaşa təsir göstərə biləcək qanunlardandır.Azərbaycan Konstitusiyasının 43-cü maddəsinə görə, dövlət yaşayış evlərin tikintisinə rəvac verir, insanların mənzil hüquqlarını gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Bu baxımdan, qeyd olunan sahəni tənzimləyən əvvəlki sənədlərdən fərqli olaraq Şəhərsalma və Tikinti Məcəlləsi sözün əsl mənasında yenilikdir və insanların mənzil, sərbəst yaşayış yeri seçmək hüquqlarının səmərəli təminatı baxımından daha effektiv mexanizmlər təklif edir.

"Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin hüquqşünası Fərhad Nəcəfov Trend-ə bildirib ki, əvvəllər evlərin tikintisi üçün icazələrin alınmasına uzun vaxtın sərf edilməsi, bir sıra bürokratik maneələrin aşılmasında çətinliklərin mövcudluğu fonunda adıçəkilən Məcəllənin qəbulu evə sahib olmaq istəyənlər üçün çox gözəl fürsətdir.

Hüquqşünasın sözlərinə görə, yeni Məcəlləyə əsasən, artıq vətəndaşlar fərdi yaşayış evinin tikintisi üçün əvvəlki kimi rayon (şəhər) icra hakimiyyətlərindən icazə almalı deyil, yalnızca bu qurumu özünə aid torpaq sahəsində ev tikəcəyi barədə məlumatlandırmalıdır.

"Lakin qanun bunun üçün bir sıra şərtlər müəyyənləşdirib. İlk öncə həmin fərdi yaşayış evinin hündürlüyü - binanın səkisinin ən aşağı və damının ən hündür nöqtələrinin səviyyələrinin fərqi 12 metrdən, mərtəbələrin sayı isə 3-dən artıq olmamalı və tikəcəyi evin aşırımları (divar və ya sütunlar) arasındakı məsafə maksimum 6 metr olmalıdır. İkinci şərt ondan ibarətdir ki, rayon (şəhər) icra hakimiyyətlərinini tikinti barədə yazılı xəbərdar edərkən məktuba memarlıq-planlaşdırma sənədləri əlavə olunmalıdır. Memarlıq-planlaşdırma sənədi dedikdə, tikiləcək evin fasadı və onun mərtəbələrinin quruluşunu əks etdirən plan-çertyoj nəzərdə tutulur. Belə çertyoj lisenziya əsasında fəaliyyət göstərən memarlara və ya tikinti-layihə institutlarında müəyyən pul müqabilində hazırlatdırıla bilər", - o deyib.

Nəcəfov qeyd edib ki, bundan sonra məktub və plan-çertyoj rayon (şəhər) icra hakimiyyətinə təqdim olunur. Qanuna əsasən, 3 ay ərzində həmin plan-çertyoja yerli icra hakimiyyətindən irad tutulmazsa, yəni planın tikinti normativlərinə uyğunlaşdırılmalı olması barədə göstəriş olmazsa, tikintiyə başlanıla bilər.

"Yerli icra hakimiyyətinin tələbinə əsasən, həmin plana qanuni düzəlişlər edilmədən tikintiyə başlanılması inzibati məsuliyyətə səbəb ola bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 195-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş normalardan kənara çıxılmaqla evlərin tikilməsinə görə fiziki şəxslər yerli icra hakimiyyəti tərəfindən 300-600 manatadək cərimə oluna bilərlər", - hüquqşünas vurğulayıb.

Bir məsələyə də xüsusi diqqət yetirilməsini zəruri sayan Nəcəfov bildirib ki, fərdi evin tikintisinə başlanıldıqdan sonra tikintinin plan-çertyoja uyğun aparılmasına nəzarət edilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yoxlamaların aparılması mümkündür. Lakin tikintinin plana uyğun aparılmaması halında belə, FHN tikinti sahibini cəriməliyə bilməz.

"Çünki belə məsələlərlə bağlı həmin orqana cəzalandırma səlahiyyəti verilməyib. Ən pis halda, FHN yerli icra hakimiyyətini pozuntu faktı barədə məlumatlandıra bilər ki, bu da yuxarıda qeyd olunduğu kimi İXM-in 195-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilər", - hüquqşünas deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar