Zeynal Nağdəliyev helikopterlə Bakıya göndərildi
06 Avqust 2014 Çərşənbə 01:06
Zeynal Nağdəliyev çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alıb.
Avqustun 5-də axşam saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza nəticəsində xəsarət alan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.

ANS PRESS-in məlumatına görə, Kürdəmir sakini, 1993-cü il təvəllüdlü Cəbiyev Nazim Tofiq oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsus BMW markalı xidməti maşınla toqquşub.

Hadisə nəticəsində BMW markalı xidməti maşında olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Zeynal Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Verilən məlumata görə, Z. Nağdəliyev çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Z. Nağdəliyevin Kürdəmir rayonu ərazisində avtomobil qəzasına düşdüyü barədə ilk olaraq musavat.com saytı məlumat yayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar