Zaqatalada Qarabağ Döyüşçülərinin Forumu keçirilib
23 İyul 2011 Şənbə 19:50
Ağdamın işğal tarixinin növbəti ildönümünə həsr olunmuş forumun iştirakçıları bəyanat qəbul ediblər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə bu gün, Ağdamın işğal tarixinin növbəti ildönümündə Zaqatala şəhərində Qarabağ Döyüşçülərinin Forumu keçirilib. QAT-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, forumda Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, Bakı, Ağdam, Tərtər, Xaçmaz, Ağsu, Zaqatala, Şəki, Balakən, Qax, Sumqayıt və digər bölgələrdən nümayəndələr, həmçinin təşkilatın sədri Akif Nağı da daxil olmaqla QAT rəhbərliyi iştirak edib.

Forum Azərbaycanın Dövlət himninin oxunması, şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb, iştirakçılar Azərbaycan bayrağını və plakatları qaldırıb, şüarlar səsləndiriblər. Çıxış edənlər Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinin olmadığını bildirib, müharibənin başlanmasını tələb ediblər.

QAT sədri Akif Nağı çıxışında bildirib ki, ermənilər bizə heç bir müqavimət göstərə bilməzlər: “Onların havadarlarının dəstəyi də Azərbaycan Ordusunun qarşısını ala bilməyəcək. Heç bir beynəlxalq təşkilat, böyük dövlət bizi qorxutmasın. Biz öz halalca haqqımızı tələb edirik və hökmən də qalib gələcəyik. Hakimiyyətin qətiyyəti və cəsarəti olsa, bizim qarşımızda heç bir maniə tab gətirə bilməz”.

Forum iştirakçıları əvvəlcə Zaqatalada, sonra isə Şəkidə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə dualar oxunub, məzarlarına gül dəstələri qoyublar. Forum iştirakçılarının qəbul etdikləri bəyanatda göstərilir:

“Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə inanmırıq. İyirmi ildir davam edən danışıqlar heç bir nəticə verməyib. Beynəlxalq təşkilatların təklif etdikləri variantlar Azərbaycanın maraqlarına cavab vermir. Bu təkliflərdən Dağlıq Qarabağdakı qondarma rejimə aralıq və ya keçid statusunun təmin olunması, ermənilərə Laçın dəhlizinin verilməsi, Dağlıq Qarabağ ətrafındakı rayonlardan ikisinin boşaldılmasının sonraya saxlanılması, sülhməramlı qüvvələrin regiona yerləşdirilməsi, Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı formada referendumun keçirilməsi ilə bağlı təkliflər xüsusi ilə təhlükəlidir və heç bir halda qəbul edilə bilməz. Bu təkliflərin qəbul edilməsi Dağlıq Qarabağın hüquqi cəhətdən Ermənistana təhvil verilməsindən, işğalçı Ermənistana təslim olmaqdan və milli maraqlara xəyanətdən başqa bir şey deyildir.

Digər tərəfdən, bu danışıqlar birmənalı şəkildə Ermənistanın maraqlarına cavab verir. Ermənistan nəticəsiz danışıqları uzatmaqla işğal etdiyi ərazilərdə möhkəmlənir və getdikcə daha həyasızlıqla torpaları tərk etməyəcəyini bildirir. Ermənistan rejimi atəşkəsi dayanmadan pozur, mövqelərimizi daim atəş altında saxlayır, dinc əhalini, hətta uşaqları snayper gülləsi, partlayıcı qurğularla qətlə yetirməkdən çəkinmir. Ermənilər bu murdar hərəkətlərini davam etdirir, beynəlxalq təşkilatlar isə susurlar.

Yaranmış vəziyyətə, torpaqlarımızın işğal altında qalmasına, insanlarımızın, o cümlədən uşaqlarımızın qətlə yetirilməsinə artıq dözmək olmaz. Biz buna artıq dözməməliyik. Bir millət və dövlət olaraq ləngimədən işğalçı Ermənistana qarşı müharibəyə başlamalıyıq. Biz döyüşçü olaraq müharibəni görmüşük. Burada qorxulu və təhlükəli heç nə yoxdur. Ermənistanın cılız hərbi qüvvələri bizə heç bir ciddi müqavimət göstərə bilməz, qorxaq və xain ermənilər bizim qarşımızda dayana bilməyəcəklər, onlara hansısa xarici dövlətin yardım edəcəyinin də heç bir mənası yoxdur. Azərbaycan Xalqının vahid iradəsi, düşmənə nifrəti, Ordumuzun gücü və qüdrəti müharibənin taleyini həll edəcəkdir! Yetər ki, müharibə başlasın, qələbə hökmən bizim olacadır! Bu gün, Ağdamın işğal günündə biz bir daha bildirik ki, yetər işğal tarixlərini qeyd etmək. Biz qələbə günlərinə çıxmaq istəyirik!

Biz beynəlxalq təşkilatlardan işğalçı, terrorçu və uşaq qatili olan Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını və Serj Sərkisyan, Robert Koçaryan, Levon Ter-Petrosyan, Seyran Ohanyan kimi hərbi canilərin cəzalandırılmasını tələb edirik!

Biz Azərbaycan hakimiyyətini siyasi iradə nümayiş etdirərək işğalçılara qarşı müharibəni başlamaya çağırırıq!

Biz Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, ictimai, siyasi qurumları yalnız müharibə tələbi ilə çıxış etməyə çağırırıq!”. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar