Zakir Həsənov səhra təlimini izləyib
07 May 2014 Çərşənbə 17:54
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və qonaqlar səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər.
Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar.

Əvvəlcə qonaqlara taktiki əməliyyat mərkəzində ön əməliyyat bazası haqqında ümumi məlumat verilib və təlimin ssenarisi üzrə həyata keçirilən fəaliyyətlər barədə tanışlıq brifinqləri təqdim olunub.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov və qonaqlar ərazidəki taktiki əməliyyat mərkəzinə gələrək briqada, tabor və bölüklər səviyyəsində şəxsi heyətin hazırlığı ilə tanış olub, səhra təliminin ərazidə praktiki hissəsini izləyiblər.

Ssenariyə əsasən təlimdə iştirak edən 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter 5 sahə üzrə, 117 kriteriyanı həyata keçirib və fəaliyyətin qiymətləndirməsinin 752 sualını yerinə yetiriblər.

Təlim maraqla izlənilib və beynəlxalq müşahidəçilər şəxsi heyətin peşəkarlığını yüksək qiymətləndiriblər.

Təlim mayın 8-də sona çatacaq.
































DOSTLARINLA PAYLAŞ:

oyunlar