Zakir Həsənov prezidenti və xalqı əmin etdi
20 Aprel 2014 Bazar 09:58
Zakir Həsənov: Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaq.
“Azərbaycan prezidenti cənab İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır”. ANS PRESS-in məlumatına görə bunu Cəmşid Naxçıvanski adına Hərbi Lisey Gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun deyib.
O, çıxışında 19 aprel tarixinin Silahlı Qüvvələrimizin həyatında əlamətdar və tarixi bir gün olduğunu vurğulayıb:
“Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 43 il əvvəl yaratdığı Xüsusi orta internat məktəbində, indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ilk dəfə rəsmi olaraq Hərbi Lisey Gününü təntənə ilə qeyd edirik. Bugünkü tədbirdə veteranlarımız, ictimaiyyətin nümayəndələri, eləcə də xalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi" adlandırdığı bu xüsusi təyinatlı təhsil ocağının ilk buraxılışının məzunları iştirak edirlər. Məktəbin cəbhə bölgələrində xidmət edən yetirmələri də buradadırlar. Mən sizin hamınızı ürəkdən salamlayır, səmimi arzularımı bildirir və bu əlamətdar hadisə münasibətilə təbrik edirəm.
Bir az əvvəl biz Hərbi Liseyin 1971-ci ildə Ulu Öndərimiz tərəfindən yaradıldığını bildirən xatirə lövhəsinin açılışını etdik. Bu, əbədiyaşar Ali Baş Komandanımızın xatirəsinə əsgəri hörmət və ehtiramın, sədaqətin ifadəsidir. .
O, bildirib ki, ölkəmiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum çəkəndə Vətənin çağırışına ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəliblər: “Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu, öz sağlamlığını itirdi. Mən bu gün bütün şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, Heydər Əliyevin siyasi, iqtisadi, sosial-mədəni siyasətini uğurla davam etdirən, Prezident kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımızın rəhbərliyi ilə biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Azərbaycan Prezidenti cənab İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır”.
DOSTLARINLA PAYLAŞ: