Yükdaşıma fəaliyyətilə məşğul olan sürücülərə xəbərdarlıq!
27 Aprel 2011 Çərşənbə 12:00
BŞDYPİ yük avtomobilləri ilə bağlı reydlərə başlayır
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yükdaşıma fəaliyyətilə məşğul olan sürücülərə xəbərdarlıq edir. BŞDYPİ-nin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gündən Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yük maşınlarının bort hissəsinə əlavə dəmir məmulatlarının birləşdirilməsi ilə bağlı reydlərə başlayır.
“Yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi, fiziki şəxslərin, həm də sürücülərin nəzərinə çatdırırıq ki, respublikada, xüsusilə də Bakı şəhərində yük avtomobillərinin bort hissəsinə əlavə məmulatlar birləşdirərək konstruksiyası dəyişdirilmiş halda idarə olunması yol hərəkəti haqqında qanunun tələblərinin kobud pozulmasıdır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir ki, istehsalçı zavodun müəyyən etdiyi normaya uyğun olmayan konstruksiya dəyişikliyi edilmiş bu tipli yük avtomobillərinin yol hərəkətində istismarı qadağandır. Həmin avtomobillər cərimə meydançasına aparılaraq cərimə olunduqdan və əlavə dəmir məmulatlar söküldükdən sonra onların istismarına icazə veriləcək”, - deyə Vaqif Əsədov vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: