Yol Polisi sürücülərə müraciət etdi
17 İyul 2012 Çərşənbə Axşamı 19:37
Paytaxtda mərkəzi prospektdə təmir işləri ilə əlaqədar bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, “Dalğa Plaza”nın qarşısından “Azneft” dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib: “Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub. Həmçinin Neftçilər prospektinə çıxışı olan bütün yollar bağlanıb”.
V. Əsədov qeyd edib ki, hazırda həmin yola əsas alternativ kimi Zərifə Əliyeva küçəsi seçilib. Belə ki, Z. Əliyeva küçəsində nəqliyyatın hərəkəti ikitərəfli həyata keçirilir. Bu məqsədlə həmin küçəyə düz xətt çəkilib və əlavə işıqforlar quraşdırılıb.
Bundan başqa sürücülərdən alternativ yol kimi - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti istiqamətinə istifadə etmələri xahiş olunur.
V. Əsədov bir daha sürücülərə müraciət edərək onlardan mövcud vəziyyəti nəzərə almağa çağırıb: “Şəhərin mərkəzi küçələrində yerləşən idarə və müəssisələrdə çalışan vətəndaşlardan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Həmin ərazilərdə yol kənarlarında avtomobilləri park etmək qadağandır. Əks təqdirdə bu sıxlığa səbəb olacaq”.
DOSTLARINLA PAYLAŞ: