Yol polisi cərimələrin artırılmasını istəyir
19 Fevral 2013 Çərşənbə Axşamı 00:25
Vaqif Əsədov: Daha böyük cərimələr maşınlara qara plyonkaların vurulması problemini kökündən həll edə bilər.
“Daha böyük cərimələr maşınlara qara plyonkaların vurulması problemini kökündən həll edə bilər”. “Media forum” saytına danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov belə deyib.
Polis rəsmisi qeyd edib ki, qanunda nəzərdə tutulmuş 50 manat cərimə çox azdır: “Son günlər Bakıda keçirilən reydlər nəticəsində 500-ə yaxın avtomobil sürücüsünə bununla bağlı inzibati qaydada protokol tərtib edilib. Prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra bir çox avtomobil sahibləri pərdə və plyonkaları könüllü söküb. Ancaq məsələnin kökündən həlli üçün kompleks tədbirlərə ehtiyac var. Avtomobil şüşələrinə vurulan plyonkların ölkəyə gətirilməsini məhdudlaşdırmaq qeyri-mümkündür. Çünki əhali bu plyonkaları evlərinin pəncərələrinə də vurur. Hesab edirəm ki, cərimə məbləğini artırmaq barədə məsələ qaldırılmalıdır. Elə sürücülər var ki, il ərzində iki-üç dəfə cərimə edilsələr də, yenə plyonkaları sökmürlər. Cərimə artırılsa, sürücülər məsələyə daha ciddi yanaşar”.
Fevralın 12-də rəsmi dövlət tədbirində çıxış edən prezident İlham Əliyev bir neçə il əvvəl maşınlardan plyonkaların sökülməsi barədə göstəriş verdiyini xatırladıb: “Mən prezidentəm, amma mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər?! Ya qorxurlar ki, kimsə onları görəcək?! İndi camaat onları görsə, nə olar? Əriyərlər onlar?! Nə olacaq?! O vaxt tədbirlər görüldü. Bu gün daxili işlər naziri mənə deyir ki, təkcə keçən il 24 min plyonka sökülüb. Bu 24 min adamın qulağı yoxdur?! Onlar eşitmir ki, mən nə deyirəm?! Yaxud da ki, onların yadından çıxır?! Bu bəlkə də o qədər də böyük məsələ deyil. Amma bir göstəricidir. Bu nə ayrı-seçkilikdir cəmiyyətdə?! Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?! Sən get özünü öz işinlə, öz əməlinlə, ağlınla, ölkəyə verilən töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla yox! Ona görə mən yenə deyirəm, bu gün daxili işlər nazirinə də dedim - bir də eşitsəm, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. Qanunvericilikdə hansı düzəlişlər etmək lazımdırsa, onu edərik. Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi saymırlar!”
DOSTLARINLA PAYLAŞ: