"Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edildi
31 May 2011 Çərşənbə Axşamı 13:15
Azərbaycanda sürücülər cəriməni 3 gün müddətində ödəyəcəkləri təqdirdə onlara 10 % güzəşt tətbiq olunacaq
Milli Məclisin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, qanunun 85-ci maddəsinə 85-1 əlavəsi edilib. Qanuna təklif olunan dəyişiklikdə inzibati xəta törətmiş şəxsə cəriməni müvafiq icra hakimiyyəti orqanının əməkdaşında olan xüsusi texniki vasitədən (POS-terminal) istifadə etməklə plastik kart vasitəsi ilə ödəmək imkanı verilir. Qəbul edilən qərar və təyin olunan cərimənin məbləği protokolda göstərilir.
Başqa bir əlavəyə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 30 iş günü müddətində inzibati xəta törətmiş şəxs cərimə bildirişi üzrə müvafiq məbləği banka ödəməlidir. Barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərar qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10%-i miqdarında ödənişdən azad edilir. Bu müddətdə (30 iş günü ərzində) cəriməni qanuni əsas olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2%-i miqdarında dəbbə pulu tətbiq ediləcək. Cərimə 2 ay müddətində ödənilmədikdə isə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi inzibati xəta törətmiş şəxsə və ya sahibinə qaytarılır.
Cərimə 3 ay ərzində ödənilmədikdə isə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair qərar qəbul ediləcək və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldiləcək.
Deputatlar qanun layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar. Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qanuna dəyişikliklərlə əlaqədar olaraq İnzibati Xətalar Məcəllənə də müvafiq dəyişikliklər edib. Dəyişikliyə əsasən, inzibati xətaların törədilməsinə görə cəriməni 3 ay müddətində ödəməyənlərin nəqliyyat vasitələrini idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılacaq.
DOSTLARINLA PAYLAŞ: