Yeni Müsavat və Azadlıq qəzetlər məhkəməyə verilib
26 Noyabr 2010 Cümə 17:10
YENİ
Bakı – APA. “Hər bir vətəndaşın müxtəlif məsələlərlə, o cümlədən kütləvi informasiya vasitələrinin fəaliyyətinə dair məqamlarla bağlı məhkəməyə müraciət etmək hüququ var. Demokratik cəmiyyətlərdə bu kimi hallar normaldır. Söhbət konkret olaraq “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinin məhkəmə ilə üzləşməsi ilə bağlı məsələdən gedirsə, ilk növbədə bunun hansı səbəbdən baş verdiyi araşdırılmalıdır. Qəzetlərin yazdıqları doğrudurmu? Əgər doğrudursa, burada ictimailik var. Çünki barəsində yazılan adam ictimai şəxs statusundadır, sahibkardır, böyük bir qurumun rəhbəridir. Onun həyatı və gördüyü işlər media və cəmiyyət üçün maraqlıdır. Digər tərəfdən, ictimai şəxsləri tənqid etmənin yolverilən hədləri daha genişdir. Ona görə də belə adamlar başqalarına həmişə örnək olmalıdırlar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən məhkəməyə verilməsi faktına münasibət bildirərkən deyib.

Ə.Amaşov diqqəti son zamanlar mediada vəzifəli şəxslərin övladları ilə bağlı materialların çoxalmasına da yönəldib. O, iddiaların əksəriyyətinin fərziyyələr üzərində qurulduğunu, real ictimai mahiyyət daşımadığını önə çəkib: «Bəzən yazırlar ki, hansısa məmurun oğlu hansısa vəzifədə işləyir və ya haradasa təhsil alır. Təsəvvür yaranır ki, məmurun qabiliyyətli, işgüzar övladı ola bilməz, onun səlahiyyətli vəzifədə işləməsində uyğunsuzluq var. Məsələyə bu cür yanaşma yolverilməzdir. Kimin harada işləməsi və ya oxuması önəmli deyil, əsas məsələ onun öz işinin öhdəsindən necə gəlməsidir. Məhz burada nə isə problem varsa, qabardılmalıdır. Çox hallarda tamam başqa mənzərənin şahidi oluruq və bu, mediamızın imicinə təsirsiz ötüşmür».

KİV-lərlə bağlı məsələlərin öncə media müstəvisində araşdırılmalı olduğunu deyən MŞ sədri «Yeni Müsavat» və «Azadlıq» qəzetlərinə qarşı iddia məbləğinə də münasibət bildirib: «Fikrimcə, bu kimi cəhətlər media müstəvisində araşdırılsa, məhkəməyə qədər həll variantı tapılsa, daha effektiv olardı. Mətbuat Şurasının təcrübəsində belə hallar kifayət qədərdir. Hər bir KİV-ə faktlara həssas yanaşmağı tövsiyə edirik. Xüsusən də «Yeni Müsavat» və «Azadlıq» qəzetləri kimi ictimai rəyə təsir göstərən nəşrlər daha məsuliyyətli olmalıdırlar. Əgər səhvləri varsa, təbii ki, etiraf edilməlidir. İddia məbləğinə gəldikdə, hazırda KİV-in iqtisadi vəziyyəti ağırdır və bunun nəzərə alınması vacibdir. İnanmıram ki, Azərbaycan məhkəmələri qəzetlərin müflis hala düşməsi ilə nəticələnəcək qərar çıxardalar».


DOSTLARINLA PAYLAŞ:

oyunlar