Bu gün səhər saatlarından etibarən Mənzil-kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi də daxil olmaqla 10-a yaxın şəxs "Yeni Müsavat" qəzetinin redaksiyasının yerləşdiyi binanın qarşısına gələrək binanın kanalizasiya sistemini ekskavatorla dağıtmaq təşəbbüsü göstərirlər. Bu barədə ANS PRESS-ə qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan məlumat verib. Onun sözlərinə görə, redaksiya əməkdaşlarının və binanı tikən şirkətin əməkdaşlarının müdaxiləsi nəticəsində kanalizasiyanın sökülməsinin qarşısı alınıb. Bundan əvvəl isə redaksiyanın yerləşdiyi Rüstəmov küçəsi, 44 ünvanda yeni tikilinin su təchizatı tamamilə dayandırılıb.
«Bu, siyasi aksiyadır. Bütün bunlar Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyevin göstərişi ilə olub. Mehbalı Əliyev dəfələrlə bizi hədələyib və bildirib ki, qəzetimizdə Nizami rayonu haqqında gedən tənqidi materiallar dayandırılmasa, bu bina ilə bağlı ölçü götürüləcək. Materiallar dayandırılmadığından, «Yeni Müsavat»ı cəzalandırmaq istəyirlər. Bizə bildirildi ki, binanın kanalizasiyası müvafiq orqanla razılaşdırılmadan quraşdırılıb. - deyə A. Ayxan qeyd edib.
Onun sözlərinə görə, qəzetdə gedən və narazılıq yaradan materiallar Nizami rayonunda ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsiylə bağlı olub: «Qəzetin kollektivi olaraq dövlət başçısına müraciət edirik ki, qəzetə qarşı edilən hərəkətlərin qarşısı alınsın və günahkarlar cəzalandırılsın».
Nizami rayon icra başçısının müavini Ərrəhman Həsənov isə ANS PRESS-ə baş verənləri təkzib edib. O, narahatçılığa əsas olmadığını bildirib və qeyd edib ki, binada sadəcə olaraq tikinti işləri gedir: «Binada kanalizasiya xəttləri hələ tam hazır deyil, tikinti gedir. Tikinti başa çatmadığından, redaksiyanın orada yerləşməsi özü qanunsuzdur».
Röya Rəfiyeva /ANS PRESS/