Azərbaycan və türk qadınlarının əl işlərindən ibarət xeyriyyə sərgisi təşkil ediləcək.
Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə hər il ənənəvi olaraq 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan və Türkiyə qadınlarının əl işlərindən ibarət ənənəvi xeyriyyə sərgisi təşkil edilir.
GYF mətbuat mərkəzindən ANS PRESS-ə daxil olan xəbərə görə, sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə yönəldilir. Ötən illərdə təşkil edilən sərgilər fondun həyata keçirdiyi müxtəlif layihələrə həsr olunub.
Bu ilki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin Gəncliyə Yardım Fondunun “Körpələri sevindirək” layihəsində istifadə olunması planlaşdırılıb.
Layihə çərçivəsində dünyaya yeni körpə gətirmiş ehtiyacı olan 500 ailə seçiləcək və sərgidən əldə olunan vəsait ana və körpənin lazımi əşyalarına sərf ediləcək.
Məlumata görə, üç gün davam edəcək sərginin açılışı martın 6-da Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun konfrans zalında (Ünvan: Bakı şəhəri, Cəfərov qardaşları küçəsi, 16) baş tutacaq.